Yay gəldi, amma meyvələr ucuzlaşmadı - SƏBƏBİ NƏDİR?
Yay fəslinin gəlişinə baxmayaraq, bazarlarda və mağazalarda mövsümi meyvələrin qiyməti alıcıların narazılığına səbəb olur. Hazırda bazarlarda gilas və gilənarın bir kiloqramı 15 manatdan başlayır.
Yay meyvələrinin ucuzlaşmamasına səbəb nədir?
Mövzu ilə bağlı Patrul.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, yay mövsümü başlasa da, mövsümi meyvələrin qiymətinin yüksək qalmasının bir neçə səbəbi var:
“Əsas səbəblərdən biri məhsulun bazara hələ tam həcmdə çıxmamasıdır. Mövsümün əvvəlində yığım az olduğu üçün təklif məhdud qalır və bu da qiymətlərin yüksək olmasına təsir edir.
Bundan başqa, son dövrlərdə yanacaq, gübrə, suvarma, işçi qüvvəsi və daşınma xərclərinin artması fermerlərin istehsal xərclərini yüksəldib. Bu xərclər son nəticədə məhsulun satış qiymətinə də əlavə olunur”.

“Mütəxəssislərin fikrincə, məhsul yığımı artdıqca və bazara daha çox meyvə çıxarıldıqca qiymətlərdə tədricən ucuzlaşma müşahidə oluna bilər. Lakin hava şəraiti, məhsuldarlıq və logistika xərcləri kimi amillər də qiymətlərin formalaşmasına təsir göstərməyə davam edir”, – deyə o əlavə edib.
Ləman Sərraf






