Mingəçevirdə V “Cyber Summer School 2026” kiber yay düşərgəsinə start verilir
Azərbaycanda kibertəhlükəsizlik sahəsində peşəkar insan kapitalının formalaşdırılması, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də regionlarda kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi məqsədilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən ənənəvi olaraq V “Cyber Summer School 2026” (CSS-2026) adlı kiber yay düşərgəsi 6-11 iyul tarixlərində Mingəçevir şəhərində keçirilir. Bu il tədbir ilk dəfə regionda baş tutacaqdır.
Patrul.az xəbər verir ki, artıq beşinci dəfə təşkil olunan düşərgənin əsas məqsədi kibertəhlükəsizlik sahəsində ilkin bilik və bacarıqlara malik yeniyetmə və gənclərin peşəkar inkişafına dəstək göstərmək, onların praktiki təcrübəsini artırmaq, xüsusilə regiondan olan gənclər üçün təhsil imkanlarının artırılmasına töhfə verməkdir.
Artıq ölkənin kibertəhlükəsizlik sahəsində nüfuzlu inkişaf platformalarından birinə çevrilən “Cyber Summer School” hər il istedadlı gəncləri bir araya gətirərək onların peşəkar inkişafına, yeni əməkdaşlıqların qurulmasına və milli kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsinə mühüm töhfə verir. Qeyd edək ki, bu layihə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) “Qlobal Kibertəhlükəsizlik Mükafatı 2024” beynəlxalq müsabiqəsində “Kibertəhlükəsizlikdə İnnovasiya – Tərəqqi və Rifah Naminə” nominasiyası üzrə qalib olub.
CSS-2026 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi və Mingəçevir Dövlət Universitetinin əsas tərəfdaşlığı ilə təşkil olunur.
Düşərgə çərçivəsində Azərbaycanın 60 şəhər və rayonlarından seçilmiş 100-dən artıq yeniyetmə və AKTA təşəbbüsü ilə universitetlərdə yaradılmış Kiber Klub üzvləri bir araya gələrək, kibertəhlükəsizlik sahəsində nəzəri biliklərini artırmaqla yanaşı, praktiki bacarıqlarını da inkişaf etdirmək imkanı əldə edəcək. İştirakçılar üçün şəbəkə və veb təhlükəsizliyi, kibermüdafiə metod və üsulları, rəqəmsal təhlükələrin aşkarlanması və qarşısının alınması, eləcə də kibertəhlükəsizlik üzrə digər aktual istiqamətləri əhatə edən intensiv təlimlər, laboratoriya məşğələləri, komanda tapşırıqları təşkil olunacaq. Təlim proqramının yekununda iştirakçılar əldə etdikləri nəzəri və praktiki bilik və bacarıqları “Capture The Flag” (CTF) kibertəhlükəsizlik yarışında real tapşırıqlar üzərində sınayacaqlar. CTF yarışının qaliblərinə tədbirin sponsor şirkətlərinin hədiyyələri təqdim olunacaq.
“Cyber Summer School 2026” yalnız tədris proqramı ilə məhdudlaşmır. Düşərgə müddətində iştirakçıların komanda ruhunun gücləndirilməsi, liderlik bacarıqlarının inkişaf etdirilməsi, sağlam həyat tərzinin təşviqi və gənclər arasında əməkdaşlıq mühitinin formalaşdırılması məqsədilə voleybol yarışları, beynəlxalq standartlara uyğun velotur və müxtəlif komanda əsaslı sosial fəaliyyətlər həyata keçiriləcək.
CSS çərçivəsində iştirakçılar Mingəçevir istilik-elektrik stansiyası və Mərkəzi aran regional SCADA idarəetmə mərkəzinə infotur edərək, maraqlı təcrübə əldə edəcək və SCADA sistemlərinə dair təlimdə iştirak edəcəklər.
Bu il tədbir AKTA üzvü olan Azercell, B&B security, Proxima, Caspel, Cyberpoint, Megasec, Code Academy və beynəlxalq tərəfdaş olaraq nüfuzlu ESET və Crowdstrike şirkətləri tərəfindən dəstəklənir.
Tədbirin açılış mərasimi bu gün Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində baş tutacaqdır.






