Bu torpaqlarda yaşıllıqların götürülməsi qaydası dəyişdi - Prezident qanunu imzaladı
Məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarındakı yaşıllıqların götürülməsi ilə bağlı dəyişiklik təsdiqlənib.
Patrul.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Yaşıllıqların mühafizəsi haqqında” qanunda dəyişikliyi imzalayıb.
Sənədə əsasən, məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarında kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyəri ödənilməyəcək.
Həmçinin dəyişikliklə ağac və kol anlayışlarının izahı da dəqiqləşdirilir. Belə ki, sənədə əsasən, ağac – oduncaqlaşmış bir əsas gövdəyə və çətirə malik, torpaq səthindən yuxarıda budaqlanan çoxillik bitki, kol dedikdə isə oduncaqlaşmış gövdələrə və çətirə malik, aydın müəyyən edilmiş əsas gövdəsi olmayan, torpaq səthindən (kök boğazdan) budaqlanan çoxillik bitki nəzərdə tutulacaq.
Qanunda vurğulanıb ki, kolların kəsilməsi ilə bağlı məlumatlandırma icraatı həyata keçiriləcək.






