media-gemini_generated_image_bao7g5bao7g5bao7

Son illər kartla ödənişlərin geniş yayılması insanların alış-veriş vərdişlərini də dəyişib. Bəziləri hesab edir ki, kartla ödəniş zamanı xərclənən məbləğ o qədər də hiss olunmur və bu, planlaşdırılmamış alışlara səbəb ola bilir. Bəs doğrudanmı nağd pulla xərcləyənlə kartla ödəniş edən insanların xərcləmə vərdişləri fərqlənir? Bu fərqlər ayın sonunda pulun daha tez tükənməsinə təsir edirmi?

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir Abdullayeva Patrul.az-a açıqlamasında bildirib ki, kartla ödəniş etmək ayın sonunda pulun daha tez tükənməsinin səbəblərindən biri ola bilər: 

“Bu vəziyyətin yaranması yalnız gəlirin az olması ilə bağlı deyil, eyni zamanda insanların xərcləmə davranışının dəyişməsi ilə əlaqədardır. Nağd pul və kartla ödəniş arasında psixoloji baxımdan ciddi fərqlər mövcuddur”.

media-img-20260706-wa0106

Professor qeyd edib ki, nağd pulla ödəniş edən insanlar xərclədikləri məbləği daha real hiss edirlər:

“Çünki pul fiziki olaraq əldən çıxdığı üçün insan xərcləmə zamanı müəyyən psixoloji məsuliyyət və narahatlıq yaşayır. Kartla ödəniş zamanı isə vəsait görünmədən hesabdan çıxır və bu da xərclənən məbləğin tam hiss edilməməsinə səbəb olur. Nəticədə kiçik məbləğli alışlar diqqətdən yayınır və əhəmiyyətsiz görünür. Halbuki həmin xərclərin ümumi məbləği ayın sonunda ciddi rəqəmə çevrilə bilir”.

Ekspertin sözlərinə görə, müxtəlif araşdırmalar kartla ödəniş edən insanların orta hesabla daha çox xərc çəkdiyini göstərir:

“Bu hal xüsusilə kredit kartlarından istifadə edənlər arasında daha geniş müşahidə olunur. Nağd pulla xərcləyən şəxslər isə büdcələrinə daha diqqətlə yanaşır, xərclərini daha yaxşı nəzarətdə saxlayırlar. Onlar mövcud vəsaitin azalmasını və bitməsini daha tez hiss edirlər. Onun yaratdığı rahatlıq və nəzarətsiz xərcləmə hissindədir. Gündəlik xərclər izlənilmədikdə və kredit limiti əlavə gəlir kimi qəbul edildikdə maaşın ayın sonuna çatmaması qaçılmaz olur”.

Professorun fikrincə, bu vəziyyətin qarşısını almaq üçün gündəlik xərc limiti müəyyənləşdirmək, bank tətbiqlərində xərc bildirişlərini aktivləşdirmək və şəxsi büdcəyə mütəmadi nəzarət etmək vacibdir.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər