Bu ölkənin təkcə bir bölgəsində istidən ölənlərin sayı 22-ə çatıb - ŞOK STATİSTİKA
ABŞ-də bir həftədir hökm sürən anomal isti hava dalğası xeyli sayda insanın ölümü ilə nəticələnib.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə yüksək temperatur səbəbindən ümumlikdə 25 nəfər həyatını itirib.
Ən çox ölüm halı ABŞ-nin Nyu-Cersi ştatında qeydə alınıb. Burada istidən 22 nəfər ölüb, digərləri isə başqa ştatlarda həyatını itirib.
Məlumata görə, həyatını itirənlər 30-80 yaş aralığındakı insanlardır. Ölüm halları ştatın mərkəzi və şimal hissələrində yerləşən 10 dairəni də əhatə edir.
Araşdırmalar zamanı məlum olub ki, qurbanların böyük əksəriyyəti kondisioner sistemi olmayan qapalı məkanlarda, qalanları isə küçədə və ya park edilmiş avtomobillərdə bədbəxt hadisə ilə üzləşiblər.
Regional meteorologiya xidmətləri ölkə üzrə təxminən 40 milyon insanı əhatə edən “isti hava xəbərdarlığı” elan edib.
ABŞ Milli Meteorologiya Xidmətinin (NWS) verdiyi proqnoza əsasən, ölkənin şərq hissəsində təhlükə davam edəcək. Yüksək rütubətlə birlikdə hiss olunan temperatur Vaşinqton, Filadelfiya, Baltimor, Reyli, Çarlston və Ceksonvill kimi böyük şəhərlərdə 37,7–40,5 dərəcə selsi arasında dəyişəcək.
Qeyd edək ki, ölkənin şərq və cənub bölgələrində havanın temperaturu 40,5 dərəcəyə qədər yüksəlib. Təkcə Nyu-Yorkda istilərlə bağlı sağlamlıq problemləri səbəbindən 378-dən çox insan təcili yardım şöbələrinə müraciət edib.






