media-inshot_20260706_121015004

Boşanma prosesində tərəflər iddialarını əsaslandırmaq üçün müxtəlif sübutlardan istifadə edirlər. Son illərdə isə mobil telefon yazışmaları, səsli mesajlar və sosial şəbəkələrdə aparılan ünsiyyət məhkəmə çəkişmələrinin əsas müzakirə mövzularından birinə çevrilib. Xüsusilə “WhatsApp” vasitəsilə göndərilən mesajların hüquqi qüvvəsi ilə bağlı suallar tez-tez gündəmə gəlir. Bəs boşanma zamanı məhkəmədə “WhatsApp” yazışmaları və ya danışıqları sübut kimi ortaya çıxarıla bilərmi?

Patrul.az məsələyə aydınlıq gətirmək üçün hüquqşünas Elnur Məmmədova müraciət edib.

O qeyd edib ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün qanuni yolla əldə edilmiş sübutları araşdırır və qiymətləndirir:

“Müasir informasiya-kommunikasiya vasitələri vasitəsilə aparılan yazışmalar, o cümlədən WhatsApp platformasında göndərilən mətn mesajları, səsli mesajlar, foto və video materiallar elektron sübut növü kimi qiymətləndirilə bilər.
Boşanma, aliment, uşağın yaşayış yeri, ailə münasibətləri və əmlak bölgüsü ilə bağlı mübahisələrdə tərəflər öz tələblərini və etirazlarını əsaslandırmaq üçün WhatsApp yazışmalarını məhkəməyə təqdim edə bilərlər. Bununla belə, həmin materialların avtomatik olaraq həqiqi sübut hesab olunması mümkün deyil. Məhkəmə onların:

-həqiqiliyini;
-kim tərəfindən göndərildiyini;
-dəyişdirilib-dəyişdirilmədiyini;
-iş üzrə əhəmiyyətini;
-qanuni üsulla əldə olunmasını
ayrı-ayrılıqda qiymətləndirir”.

media-bosanmaaaaa

Müsahibimizin sözlərinə görə, sadəcə ekran görüntüsünün təqdim olunması əksər hallarda həmin məlumatın mütləq sübut kimi qəbul olunması demək deyil:

“Qarşı tərəf yazışmanın saxtalaşdırıldığını və ya dəyişdirildiyini iddia edərsə, məhkəmə əlavə sübutların təqdim edilməsini tələb edə bilər. Bu zaman telefonun özünün təqdim edilməsi, elektron məlumatların texniki baxışı və ya ekspertiza təyin olunması mümkündür.
WhatsApp vasitəsilə göndərilən səsli mesajlar da elektron sübut hesab oluna bilər. Lakin şəxsin xəbəri və razılığı olmadan onun şəxsi həyatına müdaxilə etməklə əldə edilmiş məlumatlar Konstitusiya ilə qorunan şəxsi həyat hüququnun pozulmasına səbəb ola bilər. Belə hallarda məhkəmə həmin sübutların qəbul edilməməsi barədə qərar verə bilər.
Əgər səs yazısı söhbətin iştirakçısı olan şəxs tərəfindən qeydə alınıbsa və ailə mübahisəsinin həlli üçün əhəmiyyət daşıyırsa, onun sübut kimi qiymətləndirilməsi ehtimalı daha yüksəkdir”.

E.Məmmədov hər bir halda yekun qiymətləndirmənin məhkəmənin səlahiyyətinə daxil olduğunu vurğulayıb:

“Azərbaycan məhkəmələrində heç bir sübut əvvəlcədən müəyyən edilmiş üstün qüvvəyə malik deyil. WhatsApp yazışmaları digər sübutlarla birlikdə qiymətləndirilir. Məhkəmə şahid ifadələri, bank sənədləri, foto və video materiallar, ekspert rəyləri və digər sübutlarla birlikdə ümumi nəticəyə gəlir.
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi baxımından WhatsApp yazışmaları və platforma vasitəsilə aparılan ünsiyyət boşanma işlərində elektron sübut kimi istifadə oluna bilər. Lakin həmin sübutların hüquqi qüvvəsi onların əldə edilmə üsulundan, həqiqiliyindən, etibarlılığından və iş üzrə əhəmiyyətindən asılı olaraq məhkəmə tərəfindən ayrıca qiymətləndirilir”.

Ləman Sərraf


Bənzər xəbərlər