media-inshot_20260706_113911921

İspaniyanın Pamplona şəhərində heyvan hüquqları fəalları ənənəvi buğa döyüşlərinə və buğaların qaçışı festivalına qarşı hər il olduğu kimi bu dəfə də diqqətçəkən görünüşləri ilə etiraz aksiyası keçiriblər.

Patrul.az xəbər verir ki, genişmiqyaslı aksiya iyulun 6-dan 14-nə dək təşkil olunan məşhur San Fermin Festivalı ərəfəsində baş tutub.

Dünyanın müxtəlif ölkələrindən gələn onlarla fəal “People for the Ethical Treatment of Animals” (PETA) və İspaniyanın “AnimaNaturalis” təşkilatlarının çağrışları ilə İspaniyanın Pamplona şəhərinin mərkəzi meydanına toplaşıblar.

Aksiya iştirakçıları diqqəti arenada qətlə yetirilən heyvanların ağrılarına cəlb etmək üçün bədənlərinə süni qan xatırladan qırmızı boyalar çəkiblər. Fəalların bir qismi isə yalnız alt paltarında etiraz edərək başlarına buğa buynuzları taxıb, bəziləri isə Katolik Kilsəsinə ismarış ünvanlamaq üçün dini fiqurların (məsələn, İsa peyğəmbərin və müqəddəslərin) libaslarını geyiniblər.

Meydanda toplaşan kütlə əllərində ingilis və ispan dillərində “Buğa döyüşü günahdır”, “Öldürməyəcəksən” və “Pamplona küçələri buğaların qanı ilə ləkələnib” yazılmış plakatlar tutaraq ucadan “Zülmsüz San Fermin şənlikləri!” şüarlarını səsləndiriblər.

PETA fəalı Bruk Spörlinq jurnalistlərə açıqlamasında qeyd edib ki, festival çərçivəsində küçələrdə insanları qovan həmin buğalar, elə həmin günün axşamı korrida arenasına çıxarılaraq amansızlıqla öldürülür. Hüquq müdafiəçiləri musiqi, rəqs və zəngin mədəniyyətlə tanınan tarixi bir festivalın daxilində canlılara işgəncə verilməsinin əyləncə forması kimi təqdim edilməsinin müasir dünyada qəbuledilməz olduğunu bildirirlər.

Qeyd edək ki, heyvan haqları müdafiəçiləri bu cür etiraz üsulları ilə İspaniya hökumətindən 16-cı əsrə aid olan və “barbar və qəddar” adlandırılan bu ənənəni tamamilə qadağan etməyi, festivalı isə heyvanlara zərər vermədən keçirməyi tələb edirlər.


Bənzər xəbərlər