media-inshot_20260706_094733105

Tehranda sabiq ali dini lider Ayətullah Əli Xamenei ilə vida mərasimi zamanı “İmam Xomeyni” Müsəlla kompleksinin günbəzi üzərində qırmızı “qisas bayrağı” qaldırılıb.

Patrul.az “Azad İran”a istinadən xəbər verir ki, günbəz üzərində dalğalanan qırmızı bayrağın üzərində ağ hərflərlə ərəb dilində “Ya Litharat al-Hussein” (“Ey Hüseynin intiqamçıları!”) sözləri yazılıb.

Mərasim zamanı həmçinin iştirakçılar “Güzəştə getmə, təslim olma – yalnız qisas”, eləcə də “ABŞ-yə ölüm”, “İsrailə ölüm” şüarları səsləndiriblər.

Rəsmi məlumata görə, Xameneinin tabutu üzərinə sərilmiş və daha sonra kompleksdə ucaldılmış bu xüsusi bayraq İraqın Kərbəla şəhərindəki İmam Hüseyn ziyarətgahının qızıl günbəzindən gətirilib.

Qeyd edək ki, fevralın 28-dən, Xameneinin ölümünə səbəb olan hava hücumlarından sonra ictimaiyyət arasında görünməyən SEPAH-ın yeni baş komandanı, general Əhməd Vahidi ilk dəfə mərasimdə iştirak edərək tabutun yanında əyləşib və “Düşmən bizim təslim olduğumuzu görməyəcək” bəyanatını verib.

Xatırladaq ki, Xamenei fevralın 28-də ABŞ-İsrail koalisiyasının Tehrandakı iqamətgahına endirdiyi raket zərbələri nəticəsində ailə üzvləri ilə birlikdə həlak olub. Lakin başlayan genişmiqyaslı müharibə səbəbindən rəsmi dəfn mərasimi yalnız indi – iyul ayında, əldə olunmuş kövrək atəşkəs fonunda keçirilir.

Məlumat üçün bildirək ki, İslam dininin şiə məzhəbi ənənəsində qırmızı bayraq ədalətsiz şəkildə tökülmüş və qisası hələ alınmamış qanı, həmçinin zülmə qarşı mübarizəyə tam hazır olmağı simvolizə edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər