Günəşdə ard-arda 8 partlayış: Yer güclü maqnit qasırğasının təsirinə düşdü
Günəşdə sutka ərzində 8 güclü partlayış qeydə alınıb və bu aktivlik Yerdə G3 (güclü) səviyyəli geomaqnit qasırğasına yol açıb.
Patrul.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu (TGİ) məlumat yayıb.
Məlumata görə, Günəşdəki kütləvi partlayışların dalğası və plazma axını iyulun 4-ü Bakı vaxtı ilə saat 04:00-dan etibarən planetimizə təsir etməyə başlayıb. Mütəxəssislər bildirir ki, qeydə alınan püskürmələrin hər birinin davametmə müddəti 15 ilə 36 dəqiqə arasında dəyişib. Alimlər baş verən partlayışların gücünü rentgen şüalanma sinfinə görə M1.1 və M4.1 dərəcələri arasında qiymətləndiriblər.
Qeyd edək ki, Günəş partlayışlarının təsnifatında “M” sinfi sondan əvvəlki ən güclü kateqoriya hesab olunur. Bu səbəbdən kosmik aktivlik Yerin maqnitosferində G3 səviyyəli güclü geomaqnit dalğalanması yaradıb.
Mümkün fəsadlar və təsirlər:
– G3 səviyyəli qasırğalar zamanı peyk naviqasiyasında (GPS) fasilələr, qısadaxıllı radiodalğaların ötürülməsində kəsintilər və elektrik şəbəkələrində gərginlik dəyişiklikləri qeydə alına bilər.
– Qasırğanın təsirindən qütb parıltısı (Avrora) adi vaxtlardan daha aşağı enliklərdə belə müşahidə edilə bilər.
– Belə güclü geomaqnit dəyişiklikləri meteohəssas və xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda baş ağrısı, miqren, təzyiqin qəfil oynaması və halsızlıq kimi hallara səbəb olur. Həkimlər bu dövrdə ağır fiziki işlərdən qaçınmağı və bol maye qəbul etməyi tövsiyə edirlər.
Xatırladaq ki, geomaqnit qasırğaları gücünə görə G1 (zəif) ilə G5 (ekstremal) şkalası üzrə dərəcələndirilir.






