media-inshot_20251211_153456921

UEFA Çempionlar Liqasının VI turunda  Azərbaycan təmsilçisi “Qarabağ” dünən doğma evdə “Ayaks”la qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçı Niderland təmsilçisi 4-2 hesabı ilə qazanıb.”Ayaks”a qələbəni gətirən qollar 39-cu dəqiqədə Dolberg, 79 və 90-cı dəqiqələrdə Gloukh və 83-cü dəqiqədə Gaeei tərəfindən vurulub.

Matçda 79-cu dəqiqəyə qədər 2-1 öndə olan “Qarabağ”ın qollarını isə 10-cu dəqiqədə Duran və 47-ci dəqiqədə Matheus vurub. Qurban Qurbanovun komandası matçı uzun müddət öndə aparsa da, nəticəni saxlaya bilməyib. Matçda “Qarabağ” 35 dəfə rəqib cəza sahəsinə daxil olub, 16 dəfə isə qapını sınağa çəkib. Bu zərbələrdən 6-sı dəqiq olub, 1 böyük fürsətdən isə istifadə edilməyib. Bu nəticə ilə “Qarabağ” 7 xalda qalıb. “Ayaks” isə Çempionlar Liqasında ilk qələbəsini qazanıb.

Növbəti matçda isə “Qarabağ” “Frankfurt”u qəbul edəcək, “Ajax” isə “Villarreal”la qarşılaşacaq.

Bir çox epizodları ilə yadda qalan dünənki oyunu futbol eksperti Emin Abbasov Patrul.az-a şərh edərək bildirib ki, “Qarabağ” – “Ayaks” oyunu nəticə etibarilə üzücü olsa da, “Köhlən atlar” iki dəfə önə keçərək yaxşı oyun sərgilədi:

“”Qarabağ” – “Ayaks” oyunu təbii ki, nəticə baxımından üzücü oldu. Çünki həm futbol ictimaiyyəti, həm də azarkeşlər bu oyuna qələbə gözü ilə baxırdılar və əgər bu oyunda 3 xal qazanılsaydı, Qarabağ böyük ehtimalla 24-lükdə yerini təmin edəcəkdi. Belə baxanda, oyunun gedişatı Qarabağ üçün yaxşı məcrada keçirdi. Çünki hesabda iki dəfə önə keçə bilmişdi”.

media-img-20251211-wa0032

Ekspert həmçinin vurğulayıb ki, Qarabağ məğlubiyyətə baxmayaraq irəliyə baxmalı və növbəti oyunlara fokuslanmalıdır:

“Oyunun sonluğu istədiyimiz kimi alınmadı; müdafiədə müəyyən boşluqlar və əks-hücumlardan sonra buraxılan qollar nəticədə 4:2 hesablı məğlubiyyətə səbəb oldu. Üzücüdür, bir az da pərişanedicidir, amma reallıq budur ki, bu səviyyədə belə oyunlarda rəqiblər səhvləri bağışlamırlar. “Ayaks” əvvəlki oyunlarda da məğlub olmasına baxmayaraq, pis təsir bağışlamamışdı. Hər nə qədər uğursuzluq zolağında olsalar da, hər an hansısa rəqibi məğlub edə bilirdilər ki, “Qarabağ”ı da məğlub etdilər. İndi irəliyə baxmaq lazımdır; qarşıda hələ iki oyun var. İndi böyük ümidlər “Ayntraxt”  (Frankfurt) – “Qarabağ”ın Bakıda oynayacağı matça yönəlib. Əgər həmin oyunda qələbə qazanılsa, “Qarabağ”ın 24-lüyə düşmək şansı böyük olacaq. Sonra isə “Liverpul” səfəri var və bu oyunlara fokuslanmaq lazımdır. Futboldur, futbolda hər zaman həm məğlubiyyətlər, həm də qələbələr olur. Ona görə də irəliyə baxmaq lazımdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər