media-timus

İnsan orqanizmində elə orqanlar var ki, onların əsl rolu illərlə düzgün qiymətləndirilmir. Timus vəzisi də onlardan biridir. Uzun müddət alimlər hesab edirdilər ki, bu orqan əsasən uşaqlıq dövründə vacibdir və yetkin yaşlarda demək olar ki, funksiyasını itirir. Hətta bəzi hallarda ürək və ya ağciyər əməliyyatları zamanı cərrahlara mane olduğu üçün çıxarılırdı. Lakin son illərdə aparılan elmi araşdırmalar göstərib ki, timus vəzisi düşündüyümüzdən qat-qat vacibdir.

Patrul.az-ın araşdırmasına görə, döş sümüyünün arxasında, ürəyin ön hissəsində yerləşən timus vəzisi immun sisteminin əsas “təlim mərkəzlərindən” biri hesab olunur. Məhz burada orqanizmi viruslardan, bakteriyalardan və xərçəng hüceyrələrindən qoruyan T-limfositlər formalaşır. Bu hüceyrələr immun müdafiənin ən mühüm elementlərindən biridir və yad cisimləri tanıyaraq onları məhv etmək qabiliyyətinə malikdir.

Timus xüsusilə uşaqlıq dövründə aktiv fəaliyyət göstərir. Yaş artdıqca onun ölçüsü kiçilir və fəaliyyəti zəifləyir. Məhz buna görə uzun illər ərzində bu vəzinin böyüklər üçün ciddi əhəmiyyət daşımadığı düşünülürdü. Ancaq Harvard Universitetinin alimlərinin apardığı geniş araşdırma bu fikri kökündən dəyişdirib.

“The New England Journal of Medicine” jurnalında dərc olunan tədqiqatın nəticələri göstərib ki, timus vəzisi çıxarılan insanlarda sonrakı illərdə ölüm və xərçəng riski nəzərəçarpacaq dərəcədə artır. Araşdırmaya görə, əməliyyatdan sonrakı beş il ərzində timusu çıxarılan şəxslərdə ölüm göstəricisi 8,1 faiz təşkil etdiyi halda, vəzisi qorunan insanlarda bu rəqəm cəmi 2,8 faiz olub.

Bundan da diqqətçəkən nəticə onkoloji xəstəliklərlə bağlıdır. Timus vəzisi çıxarılan şəxslərdə xərçəngə tutulma ehtimalının təxminən iki dəfə çox olduğu müəyyən edilib. Üstəlik, belə hallarda yaranan şişlərin daha aqressiv inkişaf etdiyi və müalicədən sonra yenidən ortaya çıxma riskinin daha yüksək olduğu müşahidə olunub.

Tədqiqatın rəhbəri, Massaçusets Ümumi Xəstəxanasının onkoloqu Devid Skadden timusun sağlamlıq üçün son dərəcə vacib orqan olduğunu vurğulayaraq bildirib ki, onun çıxarılması həm ölüm, həm də xərçəng riskini əhəmiyyətli dərəcədə artırır.

Alimlər hesab edirlər ki, timus yalnız immun sisteminin formalaşmasında deyil, həm də yaşlanma prosesində mühüm rol oynayır. Bəzi mütəxəssislər insanların niyə fərqli sürətlə qocaldığını və bəzi xəstələrin xərçəng müalicəsinə niyə daha yaxşı cavab verdiyini anlamaq üçün timusun fəaliyyətinin daha dərindən araşdırılmalı olduğunu düşünürlər.

Bu nəticələr tibbdə uzun illər mövcud olmuş yanaşmaların yenidən nəzərdən keçirilməsinə səbəb olub. Əgər əvvəllər timusun çıxarılması adi hal hesab edilirdisə, indi alimlər xüsusi tibbi zərurət olmadığı halda bu vəzinin qorunmasının daha məqsədəuyğun olduğunu bildirirlər.

Bir vaxtlar “artıq orqan” kimi qəbul edilən timus vəzisi əslində immun müdafiəmizin görünməyən qəhrəmanlarından biri imiş. Müasir tədqiqatlar göstərir ki, sağlam və uzun ömür sürməyin açarlarından biri də məhz bu kiçik, lakin böyük əhəmiyyət daşıyan orqanda gizlənə bilər.

Ləman Sərraf


Bənzər xəbərlər