media-fec91338-be67-4a2c-a532-edb5c4dac876

Redaksiyamıza videogörüntü göndərən vətəndaş Biləcəri qəsəbəsində qeydə alınan növbəti məsuliyyətsizlik halı ilə bağlı müraciət edib.

Patrul.az xəbər verir ki, təqdim olunan videogörüntüdə 77-HJ-246 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobilin sürücüsünün hərəkətdə olarkən nəqliyyat vasitəsinin pəncərəsindən tullantını yolun hərəkət hissəsinə atdığı əks olunub.

Təəssüf doğuran məqam ondan ibarətdir ki, küçələrimizin təmizliyi üçün hər gün zəhmət çəkən insanlar var. Xüsusilə də sübh tezdən küçələrə çıxaraq şəhəri təmiz saxlayan əməkdaşların böyük bir hissəsini yaşlı qadınlar təşkil edir. Onlar istidə, soyuqda, yağışda və küləkdə saatlarla çalışaraq küçələrimizi təmiz saxlamağa səy göstərirlər.

Belə bir zəhmətin qarşılığında bəzi sürücülərin avtomobildən tullantını birbaşa yola atması həm ətraf mühitə, həm də həmin insanların əməyinə qarşı hörmətsizlikdir. Təmiz şəhər yalnız kommunal xidmət əməkdaşlarının deyil, hər bir vətəndaşın məsuliyyətidir.

Əgər hər kəs tullantını avtomobilindən küçəyə atmağı adi hal hesab edərsə, şəhərlərimizi təmiz saxlamaq mümkün olmayacaq. Halbuki avtomobildə yaranan kiçik bir tullantını yaxınlıqdakı zibil qutusuna qədər saxlamaq heç bir çətinlik yaratmır.

Ümid edirik ki, bu cür hallara yol verən sürücülər öz davranışlarını yenidən nəzərdən keçirəcək, aidiyyəti qurumlar isə ekoloji qaydaların pozulması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görəcəklər.

Unutmayaq ki, təmiz Azərbaycan hər birimizin davranışından başlayır.

Günay Salayeva


Bənzər xəbərlər