media-mmm-1

Bir nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə ittiham olunan tiktoker İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmü sosial şəbəkələrdə və müxtəlif media resurslarında geniş müzakirə olunur.

Patrul.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Bakı şəhər Xəzər Rayon Məhkəməsinin media ilə əlaqələrə məsul şəxs, hakim Ramilə Xəzri açıqlama verib.

Hakim bildirib ki, İ. Hacıyevaya qarşı irəli sürülən ittihama əsasən, o, 27 iyun 2025-ci il tarixində saat 00:53 radələrində “Changan Qiyuan A05 Plug-in Hibrid” markalı, 10-BY-117 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Xəzər rayonu ərazisində Mərdəkan–Qala avtomobil yolunda Qala istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin (sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir.

Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır) və 37-ci maddəsinin 4-cü hissəsinin (hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir) tələblərini pozub.

Nəticədə İ. Hacıyeva Məlikov Amal Musa oğlunun idarə etdiyi “Mercedes-Benz D2” markalı, 77-UK-890 dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərinə sürtməklə vurub, ehtiyatsızlıqdan çarpaz toqquşmaya səbəb olub.

Belə ki, İ. Hacıyeva “Mercedes-Benz D2” markalı avtomobilin sağa istiqamətlənərək yolun sağ kənarında olan beton maneəyə çırpılması nəticəsində həmin avtomobildə olan sərnişin Muradova Sənubər Firdovsi qızının ağır bədən xəsarəti almasına, sürücü Məlikov Amalın isə ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib.

media-736817008_3559632900868116_6578873263094555176_n

İ. Hacıyeva yol-nəqliyyat hadisəsini törətdikdən sonra öz şəxsiyyəti barədə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına xəbər vermədən, həmin orqanların əməkdaşlarının gəlməsini gözləmədən və zərərçəkmiş şəxslərə yardım göstərmədən idarə etdiyi avtomobillə hadisə yerindən qaçıb. Bundan sonra istintaqdan yayınmaq məqsədi ilə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək Almaniya Federativ Respublikasına gedib.

İ. Hacıyevaya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, iş üzrə təyin edilmiş ekspert rəyinə əsasən, İ. Hacıyevanın hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etdiyi təqdirdə onun hadisənin qarşısını almağa texniki imkanı olub.

media-732933324_1011976474527953_3503101434079801247_n

Eyni zamanda məhkəmə prosesində dövlət ittihamçısı İ. Hacıyevaya qəti olaraq 5 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini təklif edib.

Məhkəmə tərəfindən İ. Hacıyevanın yol-nəqliyyat hadisəsi yerindən qaçması, ölmüş zərərçəkmişin hüquqi varisi ilə və ağır bədən xəsarəti almış zərərçəkmiş şəxsin özü ilə barışığın olmaması, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması nəzərə alınaraq İ. Hacıyevaya qəti olaraq 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd olunub ki, iş üzrə məhkəmə hökmündən narazı olan tərəflər qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti vermək hüququna malikdirlər.


Bənzər xəbərlər