media-89ae49e5-ed8d-43f2-bcd4-e9ed97864580

“Burger King” restoranlar şəbəkəsinin Azərbaycandakı fəaliyyətini idarə edən Anarfood MMC-nin keçmiş işçiləri artıq 2 ildir ki, maaşlarını ala bilmədiklərini bildirirlər. Şirkətin rəhbəri Abbas Mirzə Hikmət oğlu restoranları və hüquqi şəxsi başqa şəxslərə sataraq ödəniş öhdəliklərini yerinə yetirmədən yoxa çıxıb.

Vəd Verildi, Amma Heç Nə Yerinə Yetirilmədi

Patrulaz.az-ın əldə etdiyi məlumata görə Anarfood MMC 2023-cü ilin fevral ayında fəaliyyətini dayandırıb. Şirkət rəhbəri Abbas Mirzə Hikmət oğlu işçilərə yeni sahibin onları işdən çıxarmayacağını və satışdan əldə etdiyi vəsaitlə bütün maaş borclarını ödəyəcəyini bildirib. Lakin nə maaşlar ödənilib, nə də işçilərin yeni sahib tərəfindən işdə saxlanılması təmin edilib.

Müxtəlif vəzifələrdə çalışan yüzlərlə işçi – menecerlər, direktor heyəti və digər əməkdaşlar illərdir ki öz haqlarını tələb edirlər. Lakin hər dəfə “bu həftə”, “gələn ay” vədləri ilə aldadıldıqlarını deyirlər. İşçilərin iddiasına görə, Abbas Mirzə Hikmət oğlunun onlara fərdi qaydada 4 min manatdan 10 min manatadək maaş borcu var. Lakin o, artıq işçilərin zənglərinə və mesajlarına da cavab vermir.

İşçilər hüquqlarını qorumaq üçün Əmək Müfəttişliyi, Ombudsman Aparatına dəfələrlə kollektiv şəkildə şikayət etsələr də, indiyə qədər heç bir tədbir görülməyib. Haqqını tələb edən yüzlərlə əməkdaş isə çıxılmaz vəziyyətdə qalıb.

Bundan əvvəl də bir sıra iaşə obyektlərində oxşar hallar yaşanıb, lakin “Burger King” kimi dünya səviyyəli bir brendin yerli nümayəndəliyində belə ciddi əməkhaqqı problemlərinin olması ictimaiyyətdə böyük suallar doğurur.

İşçilər yenidən hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara müraciət edərək, məsələnin araşdırılmasını və haqlarının ödənilməsini tələb edirlər.


Bənzər xəbərlər