“Cəmiyyət ciddi sosial-mənəvi çöküş təhlükəsi altındadır”- SOSİOLOQ DANIŞDI
“Sosial problemlərin başında ciddi şəkildə maddi-sosial problemlər durur. Dükan-bazarlardakı bahalaşmanın fonunda gəlirlər cüzi görünür, xərclər artır, lakin gəlirlər sabit qalır, insanlar ciddi formada güzəran çətinliyi yaşayır. İşsizliklə bağlı narahatlıqlar var, orta statistik maaş aşağı həddədir, minimum əmək haqqı ilə işləyənlərin problemi çoxdur, ailələrdə iqtisadi yetərsizlik hökm sürür”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.

O bildirib ki, uşaq pullarının verilməsi sosial problemlərin həllinə dəstəyi olar, bu günlərdə aliment fondunun yaradılması ilə bağlı müzakirələr də gedir, lakin aliment fondundansa uşaqpulu məsələsi qabardılmalıdır deyə düşünürəm:
“Ailə tərkibi çox olan ailələrə imtiyazlar yoxdur, çoxuşaqlılıq meyarı 6 uşağı olan ailələrə şamil edlir, azaldılmalıdır. Üç uşağı olan ailə çoxuşaqlı sayılmalıdır bu dövrdə, onlara imtiyaz tanınmalıdır. Ölkə əhalisinin artımı ləng gedir, bunu stimullaşdırmaq lazımdır.
Cəmiyyət ciddi sosial-mənəvi çöküş təhlükəsi altındadır. Sosial şəbəkələrdə hər gün mənəviyyatın dəfn mərasimi keçirilir. Hər an bir dəyəri rəhmətə göndərir insanlar, sosial həyatın axarında mənəviyyat ölür.
Boşanmalar ciddi hədədidr cəmiyyət üçün. Biz dünyada boşanma rekordmeniyik, təsəvvür edirsiniz? Bu vəziyyət niyə kimisə narahat etmir, ailə institutunun məhvi kimə nə qazandıracaq ki bu vəziyyət başlı-başına buraxılıb, bir tədbir görülmür?
Pensiya yaşı ilə bağlı narazılıqlar çoxdur, insanlar pensiya yaşını görmədən ölür, illərlə yığdığı kapital isə batır. Orta yaş həddi 60-ı keçmir. Amma 65 yaşda çıxır insanlar pensiyaya. Qadınlar bütün ölkələrdə kişilərdən tez çıxıb pensiyaya, bizdə artıra-artıra bərabərləşdirdilər. Pensiya yaşı atlı olub, vətəndaş piyada”.






