Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüş keçirdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov albaniyalı həmkarı Ferit Hoxha ilə görüş keçirib.
Bu barədə Patrul.az xəbər verir ki, məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında paylaşılıb.
Bildirilib ki, Ceyhun Bayramov albaniyalı naziri təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub. Müzakirələr siyasi dialoq, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya, turizm, təhsil və mədəniyyət sahələrini əhatə edib.
Enerji sahəsində əməkdaşlıq münasibətlərin əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilib. Tərəflər dostluq, qarşılıqlı hörmət və faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanan əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Həmçinin çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və həmrəyliyin əhəmiyyəti qeyd olunub. Regional və beynəlxalq təhlükəsizlik çağırışlarının həllində dialoq və diplomatiyanın rolu xüsusi olaraq diqqətə çatdırılıb.






