“Birinci Türkoloji Qurultay türk dünyasının intellektual birliyinin təməlini qoyan tarixi dönüş nöqtəsidir” - RƏY
“Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə xüsusi önəm verir, və bu yöndə uzaqgörən siyasət həyata keçirir. Təsadüfi deyil ki, 2024-cü il, fevralın 14-də Prezident andiçmə mərasimində çıxışı zamanı “Bizim ailəmiz Türk dünyasıdır” ifadəsini işlətmişdir. Bu gün türk xalqlarının tarix boyunca səfər etdikləri qədim yollardan biri olan Zəngəzur dəhlizi Dövlət Başçımızın uğurlu diplomatik gücü sayəsində yenidən açılır”.
Bu fikirləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Patrul.az-a açıqlamasında səsləndirib.
Deputat xatırlatma edib ki, bu il Birinci Türkoloji Qurultayın 100 illiyi qeyd olunur:
“Bakıda bu çərçivədə “Türk Dünyası Həftəsi” keçirilir və TDT üzv ölkələrindən rəsmi şəxslər, elm adamları iştirak edir. Birinci Türkoloji Qurultay sadəcə elmi toplantı deyil, türk dünyasının intellektual birliyinin təməlini qoyan tarixi dönüş nöqtəsidir. Onun irəli sürdüyü ideyalar həmin dövrdə siyasi maneələrlə qarşılaşsa da, bu gün yenidən aktuallaşaraq türk xalqları arasında inteqrasiya və əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu baxımdan qurultayın 100 illik yubileyinin qeyd olunması yalnız keçmişə hörmət deyil, həm də gələcəyə yönəlmiş strateji və mədəni bir addımdır”.

Birinci Türkoloji Qurultayın bir neçə istiqamətdə əhəmiyyətindən danışan P.Vəliyeva vurğulayıb:
“Qurultay ilk dəfə olaraq müxtəlif türk xalqlarını vahid elmi platformada birləşdirir. Bu, ortaq kimlik və birlik ideyasının formalaşmasına güclü təkan verdi. Türkologiyanın əsas problemləri sistemli şəkildə müzakirə edildi. Bu baxımdan qurultay elmi istiqamətləri müəyyənləşdirdi və gələcək tədqiqatlar üçün baza yaratdı.
Azərbaycan bu prosesdə fəal rol oynayır. Qurultayın Bakıda keçirilməsi və əlifba islahatının burada başlaması Azərbaycanın regional lider və intellektual mərkəz rolunu gücləndirir. Bu gün qurultayın ideyaları yenidən həyata keçirilir, türk dövlətləri arasında əməkdaşlıq güclənir, ortaq mədəni və dil siyasəti aktuallaşır”.
“Türk xalqlarının təkamülü və bu günümüzədək, birləşmək uğrunda keçdiyi məşəqqətli yolu əks etdirən tarixi və elmi faktların yer aldığı vahid ensiklopediyanın yaradılması da qiymətli bir əsər olar. Həmçinin, TDT üzv ölkələrinin alimlərinin birgə işi kimi ərsəyə gələ bilər.
TDT artıq geosiyasi, geoiqtisadi vahid platforma rolunu təsdiqləyib. Bu çərçivədə yumşaq güc diplomatiyasının da gücləndirilməsi, müxtəlif elmi platformaların yaradılması və ortaq tarixi keçmişin, dilin, dəyərlərin, irsin qorunması, təbliği və inkişafı xalqlararası əməkdaşlığa mühüm töhfə verir”,- deyə o sözlərini sonlandırıb.
Ləman Sərraf






