media-bcb6f151-ff2f-4554-aea9-b66845446823-672x403

Taksidən istifadə edən minlərlə sərnişin hər gün təhlükəsizlik kəmərindən istifadə etsə də, bəzən bu qaydaya əməl olunmur. Belə hallarda isə ən çox müzakirə olunan suallardan biri ortaya çıxır: sərnişin kəməri taxmayanda inzibati məsuliyyət kimə aiddir: taksi sürücüsünə, yoxsa sərnişinin özünə? Qanun bu məsələyə necə yanaşır və cərimə kimə tətbiq edilir?

Bununla bağlı 30 saylı Vəkil Bürosunun vəkili Ramil Vəliyev Patrul.az-a öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, taksidə təhlükəsizlik kəmərinin taxılmasına nəzarət sürücünün vəzifəsidir və qayda pozulduqda məsuliyyət əsasən onun üzərinə düşür:

“Təhlükəsizlik kəmərindən istifadə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində ən vacib tələblərdən biridir. Azərbaycan Respublikasının Yol Hərəkəti Haqqında Qanununa əsasən, nəqliyyat vasitəsində təhlükəsizlik kəməri ilə təchiz olunmuş oturacaqda əyləşən şəxslər kəmərdən istifadə etməlidirlər. Bu tələb taksi ilə hərəkət edən sərnişinlərə də eyni qaydada şamil edilir. Sürücü hərəkətə başlamazdan əvvəl özü təhlükəsizlik kəmərini taxmalı və sərnişinlərin də bu qaydaya əməl etməsinə nəzarət etməlidir. Əgər sərnişin təhlükəsizlik kəmərini taxmaqdan imtina edirsə, sürücü onun kəmər taxmasını tələb etməli və zərurət olduqda hərəkətə başlamamalıdır. İnzibati Xətalar Məcəlləsinə əsasən, təhlükəsizlik kəmərindən istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Praktikada sürücü təhlükəsizlik kəməri taxmayan sərnişinlə hərəkət etdikdə, bu hal yol polisi tərəfindən aşkar edilərsə, inzibati cərimə adətən nəqliyyat vasitəsini idarə edən sürücüyə tətbiq edilir. Bunun səbəbi sürücünün yol hərəkəti təhlükəsizliyinə cavabdeh şəxs hesab edilməsidir”.

media-media-media-media-img-20260424-wa0059-c8x025-b3znwv-1-6iwnao

Vəkil qeyd edir ki,konkret haldan asılı olaraq təhlükəsizlik kəmərindən istifadə etməməyə görə inzibati məsuliyyət həm sürücünün, həm də sərnişinin üzərinə düşə bilər və kəmərdən istifadə həyati əhəmiyyət daşıyır:

“Eyni zamanda, qanunvericilik müəyyən hallarda təhlükəsizlik kəmərindən istifadə etməyən sərnişin üçün də inzibati məsuliyyət nəzərdə tutur. Buna görə də konkret hadisənin şəraitindən və tətbiq edilən hüquq normasından asılı olaraq məsuliyyət həm sürücünün, həm də sərnişinin üzərinə düşə bilər. Taksi fəaliyyəti ilə məşğul olan sürücülər bu məsələyə xüsusi diqqət yetirməli və sərnişinləri hərəkətə başlamazdan əvvəl təhlükəsizlik kəmərini taxmağa dəvət etməlidirlər. Bu, həm hüquqi məsuliyyət riskini azaldır, həm də qəza zamanı ağır xəsarət alma ehtimalını əhəmiyyətli dərəcədə aşağı salır. Sərnişinlər də bilməlidirlər ki, təhlükəsizlik kəməri yalnız qanunvericiliyin tələbi deyil, eyni zamanda onların həyat və sağlamlığını qoruyan ən effektiv vasitələrdən biridir. Yol hərəkəti iştirakçılarının hər birinin qanunvericiliyin tələblərinə əməl etməsi həm cərimələrin qarşısını alır, həm də ümumi yol təhlükəsizliyinin yüksəldilməsinə xidmət edir. Təhlükəsizlik kəmərindən istifadə sadə bir öhdəlik olsa da, onun yaratdığı hüquqi və həyati nəticələr son dərəcə əhəmiyyətlidir”.

Cəmilə Cəfərzadə

 


Bənzər xəbərlər