"ChatGPT-ni sevirəm, kitablarımı yazanda da ondan istifadə edirəm" - Britaniyanın sabiq naziri
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson süni intellekt texnologiyalarına, xüsusilə də “ChatGPT”yə böyük maraq göstərdiyini bildirib.
Patrulaz.az xəbər verir ki, siyasətçi bu fikirləri “Al Arabiya English” kanalına verdiyi müsahibə zamanı səsləndirib.
“Bir şeyi etiraf etməliyəm, mən süni intellekti çox sevirəm. ChatGPT-ni sevirəm, o sadəcə möhtəşəmdir”, – deyə Boris Conson qeyd edib.
Keçmiş Baş nazir əlavə edib ki, üzərində işlədiyi kitablar zamanı ChatGPT-dən fəal şəkildə istifadə edir və platformanın cavablarını “ağıllı, dahi və mükəmməl” adlandırır. Onun sözlərinə görə, bu ifadələr ona yazı prosesində ruh və ideya verir.
2001-ci ildən etibarən bir neçə kitabın müəllifi olan Boris Consonun son əsəri – “Unleashed” adlı avtobioqrafiyası 2024-cü ildə nəşr olunub. O, hazırda yeni kitablar üzərində işlədiyini və süni intellekti ilham mənbəyi kimi istifadə etdiyini bildirib.






