Coğrafiya İnstitutunda astroproblemlər və Xəzər dənizi mövzusunda məruzə dinlənilib
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının hibrid formatda seminarı keçirilib.
İnstitutdan Patrulaz.az-a bildirilib ki, paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyevin “Meteoritlər, astroblemlər, Xəzər dənizi və Azərbaycan folkloru” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi çıxışında meteoritlər, asteroidlər, onların törətdiyi fəsadların – kraterlərin və astroblemlərin kompleks öyrənilməsinin əhəmiyyəti, eləcə də indiyədək Azərbaycan ərazisinə düşmüş meteoritlər və onların xüsusiyyətləri haqqında ümumi məlumat verib, elmi araşdırmalarda multidisiplinar (fənlərarası) yanaşmanın vacibliyini xüsusi vurğulayıb. O, həmçinin Azərbaycan folklorundakı bəzi deyimlərin səma cisimləri, meteoritlərlə bağlı olması ehtimalını irəli sürüb.
Məruzəçi Cənubi Xəzər hövzəsinin və orada toplanmış çox böyük qalınlığa malik çöküntü qatının əmələ gəlməsinə dair mövcud konsepsiyalardan fərqli olaraq, hövzənin asteroid mənşəli olması fərziyyəsinin birgə tədqiq edilməsi üçün fənlərarası layihənin işlənib hazırlanmasını təklif edib. Onun fikrincə, yeni kompleks yanaşma Xəzər dənizinin əbədi probleminə (transqressiya və reqressiya), neft yataqlarının əmələ gəlməsinə və palçıq vulkanlarının püskürməsinə dair mövcud konsepsiyalara yenidən baxmağa və bəlkə də daha doğru nəticələr əldə etməyə imkan verə bilər.