media-inshot_20250811_153229293

“Azərbaycan və Ermənistan arasında münaqişənin davam etdiyi 30 ildən artıq bir periodda özünü beynəlxalq ictimaiyyət adlandıran və bu bölgədə maraqlarının təmini üsulu kimi münaqişələrin davamlılığını görən bir sıra beynəlxalq subyektlərin Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə olunmaması üçün dəridən-qabıqdan çıxdıqlarına şahidlik etmişik. Bu mənada, cənab İlham Əliyevin Vətən müharibəsi və antiterror tədbirlərində böyük hərbi-siyasi zəfəri yalnız Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, separatizmə son qoyulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası fonunda beynəlxalq hüququn aliliyinin təmin olunması formatında şərh oluna bilməz, bu həm də bölgə ilə bağlı çirkin məqsəd və niyyətlər güdən imperialist dairələr üzərində böyük qələbə idi ki, nəhayət, bu qələbə ilə cənab İlham Əliyev yalnız Azərbaycana və Ermənistana yox, bütövlükdə Cənubi Qafqaza dayanıqlı sülh vəd edə bildi”.

Bu fikirləri Patrulaz.az-a Azərbaycan və Ermənistan arasında imzalanan sülh bəyannaməsini şərh edərkən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. 

Deputat bildirib ki, indiki məqamda, Azərbaycan Prezidentinin bu qətiyyəti artıq özünün bəhrəsini müxtəlif istiqamətlərdə verməkdədir:

media-img-20250811-wa0013

“Bilirsiniz ki, Azərbaycan Vətən müharibəsi və antiterror tədbirlərindən sonra da çoxsaylı hücumlara məruz qaldı, əvvəllər bu bölgədə işğalın, təcavüzün davamlılığını qorumaq istəyənlər daha sonra, Azərbaycan bu gedişatı pozduqdan sonra Azərbaycanı öz ərazilərini işğaldan azad etməkdə, hətta Avropa Şurası kimi bir təsisat Azərbaycanı öz ərazisində separatizmə son qoymaqda günahlandırdı və nümayəndə heyətimizin oradakı fəaliyyətini dayandırdı. Belə bir məqamda, Azərbaycanın qətiyyətlə öz yolundan dönməməsi, beynəlxalq hüququn aliliyinə əsaslanaraq milli maraqlarımızı birmənalı şəkildə qoruması əslində bölgə üçün bir əmsal təmsil etməyə başladı. Nəticə etibarilə, dəyişən reallıqlar zamanın məhz cənab İlham Əliyevin müəyyən etdiyi konfiqurasiya əsasında Azərbaycanın lehinə işlədiyini göstərdi. ABŞ-nin əvvəlki administrasiyasından fərqli olaraq cənab Trampın bölgəyə daha praqmatik baxışı və bu bölgənin əsl güc və imkan sahibinin kim olduğunu görməsi, ABŞ-nin maraqlarının yalnız və yalnız Azərbaycanla uzlaşdırılmış şəkildə, sülh və əmin-amanlıq şəraitində təmin olunacağını qəti şəkildə bilməsi bölgə üçün artıq yeni bir dövr başlatdı və bu günlərdə Vaşinqtonda həyata keçirilən təmaslar, istər Azərbaycan və Ermənistan arasında imzalanan müvafiq sənədlər, həmçinin ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına dair həm imzalanan sənədlər, həm ifadə olunan niyyətlər əslində cənab İlham Əliyevin bir zamanlar bu bölgədə imperialist niyyətlər güdən həm Bayden administrasiyası, həm Makron kolonial diktaturası, həmçinin Avropa Şurası, Avropa İttifaqının ayrı-ayrı təsisatları kimi muzdlu və birmənalı imperializmin köləsinə çevrilmiş “institutların” üzərində böyük bir qələbəsi oldu”.

Millət vəkilinin sözlərinə görə, bu gün artıq reallıq ondan ibarətdir ki, cənab İlham Əliyev bu bölgədə yeni bir dövr başladıb, bu dövr bölgənin hər bir sakini üçün sülh, əmin-amanlıq, eyni zamanda bərabərhüquqlu tərəfdaşlıq vəd edir:

“Eyni zamanda bu bölgəni kənar müdaxilələrdən qoruyan, bölgəyə işğal, təcavüz niyyəti ilə, münaqişələrə öz maraqlarının təmini üsulu kimi baxan qüvvələrin münaqişəni yenidən alovlandırmaq cəhdləri qarşısında çıxış edən bir status-kvo formalaşıb və nəticə etibarilə, nəhayət ki, ABŞ və Azərbaycan arasında əməkdaşlığın yeni dövrü fonunda biz bu bölgədə dərinləşən, güclənən əməkdaşlıq mühitinə şahidlik edirik”.

Ləman Sərraf


Bənzər xəbərlər