media-inshot_20250822_192648180

“Azərbaycan, Türkmənistan və Özbəkistan arasında üçtərəfli görüşün keçirilməsi Türk dünyasında əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Azərbaycan-Özbəkistan münasibətləri hər zaman yüksək səviyyədə olub. Biz artıq Bakı ilə Aşqabad arasında da əlaqələrin yüksələn xətlə inkişafını görürük. Ötən ay Türkmənistan Xalq Məsləhətinin rəhbəri Q.Berdiməhəmmədovun ölkəmizə səfəri baş tutdu. Türkmənistan həm də işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak edəcək. Belə ki, Füzuli şəhərində məscidin inşa olunması barədə qərara görə dövlət başçımız qardaş ölkəyə təşəkkürünü bildirdi, bunu səmimi qardaşlıq dəstəyi, jesti həmrəyliyin və mənəvi birliyin rəmzi kimi qiymətləndirdi”.

Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva Patrulaz.az-a açıqlamasında səsləndirib.

Millət vəkili qeyd edib ki, üç türk dövləti liderinin bir araya gəlməsi artıq əməkdaşlıqda yeni mərhələdir:

media-img-20250822-wa0004

“Türkmənbaşı şəhərində baş tutan görüşdə Azərbaycan, Türkmənistan və Özbəkistan prezidentləri birgə bəyanat da qəbul etdilər. Hər üç ölkənin coğrafi nöqteyi-nəzərdən strateji əhəmiyyətə malik olması yeni və ortaq əməkdaşlıq imkanları yaradır. Azərbaycan Prezidenti də vurğuladı ki, ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Türkmənistanda baş tutan görüşdə bu məsələ bir daha geniş müzakirə olundu. Enerji sahəsi də hər 3 tərəfin xüsusi maraq göstərdiyi əməkdaşlıq istiqamətlərindəndir”.

Deputatın sözlərinə görə, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əməkdaşlıq regional sabitliyin, iqtisadi inkişafın, nəqliyyat-kommunikasiya əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayır:

“Bu iki region arasındakı əlaqə nəqliyyat əlaqələrini, enerji təhlükəsizliyini, ticarət-iqtisadi əlaqələri və mədəni mübadilələri genişləndirir, həmçinin təhlükəsizlik və sabitliyin artmasına töhfə verir və nəticə etibarı ilə bu əməkdaşlıq Türk dünyasının güclənməsi və nüfuzunun möhkəmlənməsi deməkdir”.

Ləman Sərraf


Bənzər xəbərlər