media-inshot_20260127_131850131

­Deputat Ceyhun Məmmədov dərsliklərdə mövcud problemlərin həlli üçün onların rəqəmsallaşdırılmasını təklif edib və bildirib ki, elektron format səhvlərin operativ aradan qaldırılmasına, yenilənmiş materialların daha sürətli şəkildə şagirdlərə çatdırılmasına imkan verər.

Bəs elektron dərslik sisteminin üstünlükləri və riskləri nədən ibarətdir?

Bu barədə təhsil eksperti Elçin Əfəndi Patrul.az-a fikirlərini bölüşüb:

“Dərsliklərin rəqəmsallaşdırılması prosesi istiqamətində artıq uzun müddətdir, işlər aparılır. Elektron dərsliklərlə bağlı xüsusi bir portal da mövcuddur. Müvafiq olaraq bu portala şagirdlər üçün dərsliklər əlavə olunur. Şagirdlər bəzi kağız daşıyıcılar üzərindən olan dərslikləri əldə edə bilmədikdə, həmin portaldan asanlıqla yükləyə bilərlər. Təbii ki, elektronlaşdırma prosesi bütün dərslikləri əhatə etməlidir və bunun üçün müəyyən bir zamana ehtiyacımız var. Yəqinki qarşıdakı 3-5 il ərzində proses tamamilə yekunlaşar”.

Ekspert dərsliklərin rəqəmsallaşmasının üstünlüklərindən söz açıb:

“İlk növbədə, bu addım həm təhsil alanlar, həm təhsil verənlər və eyni zamanda valideynlər üçün əlçatanlığın təmin olunması baxımından müsbət qiymətləndirilə bilər. Digər tərəfdən məktəbli çantasının ağırlığı məsələsi də öz həllini tapmış olar. Müvafiq planşetlər vasitəsilə dərsliklərin daşınması şagirdlər üçün ağır məktəbli çantası mövsunu gündəmdən çıxarmış olacaq.

Bundan əlavə, elektronlaşdırma elə tətbiq edilməlidir ki, dərsliklərdə hər hansı bir çatışmazlıq və ya səhv olduqda bu hal aradan qaldırıla bilsin”.

media-img-20260112-wa0034-1

E.Əfəndi nazirlik tərəfindən dərsliklərin məzmun və keyfiyyəti ilə bağlı çatışmazlıqların aradan qaldırılması üçün ictimai dinləmələrin həyata keçirildiyini vurğulayıb:

“Hesab edirəm ki, bu ictimai dinləmələrin məntiqi nəticələri olacaq. Təbii ki, nəşrə verilən dərsliklər təkmil versiyada olmalı və birbaşa rəqəmsallaşdırılmalıdır. Ona görə də bu cür məsələlər mövcud problemlərin aradan qalxmasının istiqamətində də müsbət effekt verəcəyini düşünürəm”.

Müsahibimiz texniki imkanları olan regionlarda dərsliklərin rəqəmsallaşdırılmasının təmin olunmasından da danışıb:

“Hazırda bölgələrdə internet əlçatanlığının təminatı istiqamətində işlər aparıldığını müşahidə edirik. Hətta bəzi məntəqələrdə fiber optik internetin tətbiqi də həyata keçirilir. Doğrudur, bəzi ucqar bölgələrimizdə həm internetlə, həm də işıqla bağlı əlçatanlıq tam təmin olunmayıb. Bütün bu texniki nasazlıqlar aradan qaldırıldıqdan sonra rəqəmsal dərsliklərdən istifadə asanlaşacaq”.

“Bu qərarın tək bir mənfi cəhəti olduğunu düşünürəm. Bu da gözlərin zəifləməsi amilidir. Bunun üçün qoruyucu eynəklərdən istifadə məqsədəuyğundur”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər