"Dəyişkən havalarda bu əlamətləri ciddiyə alın" - Psixoloqdan ÇAĞIRIŞ
Son illərdə fəsillərin özünəməxsus hava şəraitinə uyğun keçmədiyinin şahidi oluruq. Məsələn, yay fəslində yağışlar yağır, qışda isə qarın intensivliyi zəif olur. Dünən 35 dərəcə isti olan hava, ertəsi gün kəskin soyuyaraq insanı üşüdür. Havaların bu cür dəyişkən olması bir çox insanın özünü əzgin və yorğun hiss etməsinə səbəb olur. Son günlər paytaxt Bakıda yağan yağışlar zamanı özünü halsız hiss edən insanların sayının artması da buna bariz nümunədir.
Bəs niyə hava dəyişkənliyi insanların sağlamlığına bu dərəcədə mənfi təsir göstərir?
Bu barədə Patrul.az-a psixoloq Aytən Ələkbərova fikirlərini bölüşüb.
Onun sözlərinə görə, belə hava şəraitində insanların özlərini psixoloji baxımdan tükənmiş və əzgin hiss etməsinin əsas səbəbi xroniki yorğunluqdur:
“Hava dəyişkənliyi zamanı özünü yorğun hiss edən insanlar əslində xroniki yorğunluqdan əziyyət çəkirlər. Onlar bunun fərqində olmurlar. Belə insanlara hava şəraiti o qədər təsir edir ki, sanki onları idarə edir. Amma öz ruh halları barədə kifayət qədər məlumatlı olmurlar”.

Psixoloq dəyişkən hava şəraitində insanların özlərini daha yaxşı hiss etmələri üçün xroniki yorğunluğu aradan qaldırmağın vacib olduğunu vurğulayıb:
“Havalar soyuduqda, tutqun və yağışlı günlərdə əl-ayaqlarda və ümumilikdə sümüklərdə revmatik ağrılar müşahidə olunursa, bu, təbiidir və əsas səbəblərdən biri xroniki yorğunluqdur. Çünki insanın ruh halını onun sağlam bədəni idarə edir. Məsələn, bir ağacın kökü sağlam olmadıqda, normal bar verə bilmir. Bu baxımdan insanlar mütləq xroniki yorğunluğu aradan qaldırmalıdırlar ki, özlərini narahat hiss etməsinlər”.
Gülbəniz Səfərova






