"Diplom xatirinə oxumaq" yanaşmasından necə qurtulaq? - MÜTƏXƏSSİSDƏN İZAH
Süni intellekt texnologiyaları həyatın bütün sahələrinə nüfuz edir, kosmik layihələr artıq nəzəriyyədən praktik mərhələyə keçir. Bu fonda cəmiyyətlərin diqqət mərkəzi də dəyişir, prioritetlər yenidən formalaşır. Lakin bizdə hələ də ictimai müzakirələrin əhəmiyyətli hissəsi daha çox məişət və görüntü üzərində qurulur. Azərbaycan gəncliyi həqiqətən texnoloji sıçrayışa hazırdır, yoxsa hələ də “diplom xatirinə oxumaq” yanaşmasının təsirindən tam qurtula bilməyib?
Patrul.az mövzu ilə bağlı fikirlərini öyrənmək üçün təhsil məsələləri üzrə mütəxəssis Aidə Əliyevaya müraciət edib.
O bildirib ki, Azərbaycanda gənclər arasında həm texnoloji sıçrayışa hazır olan ciddi bir təbəqə var, həm də hələ “diplom xatirinə oxumaq” düşüncəsindən tam çıxmayan geniş bir kütlə mövcuddur,lakin bu, bir-birini istisna etmir:
“Bir tərəfdən, son illərdə gənclər tərəfindən proqramlaşdırma, startaplar, süni intellekt, data analitikası kimi sahələrə maraq açıq şəkildə artır. Xaricdə çalışan və ya beynəlxalq layihələrdə iştirak edən azərbaycanlı gənclərin sayı da az deyil. Onlar artıq qlobal rəqabət mühitində formalaşır, öyrənməyi universitetlə məhdudlaşdırmır, onlayn resurslardan maksimum istifadə edir və real bacarıqlara fokuslanırlar. Bu qrup texnoloji transformasiyaya prinsipcə hazırdır.
Amma digər tərəfdən, təhsil sisteminin strukturu və sosial gözləntilər hələ də köhnə yanaşmanı qismən qoruyur. Diplomun “status simvolu” kimi qəbul edilməsi, ixtisas seçiminin maraq və əmək bazarının ehtiyacından çox “harada asandır” və ya “harada prestijlidir” məntiqi ilə aparılması, praktik bacarıqların ikinci plana keçməsi kimi amillər real problemlərdir. Nəticədə bəzi gənclər bazarın tələb etdiyi kompetensiyalarla yox, kağız üzərində kvalifikasiya ilə məzun olur”.

Mütəxəssis, əsas məsələnin “gənclər hazırdırmı?” sualından bir az fərqli olduğunu vurğulayıb:
“Əslində gənclərin bu sahəyə marağı var, amma struktur dəstək hər yerdə yetərli deyil və ya az dərəcədərir. Bundan başqa uzunmüddətli planlamanın zəif olduğunu qeyd etmək olar.
Ümumi olaraq qeyd etmək olar ki, Azərbaycan gəncliyi potensial olaraq texnoloji sıçrayışa hazırdır, amma bu potensial hələ tam sistemli şəkildə reallaşmayıb. “Diplom xatirinə oxumaq” yanaşması isə yoxa çıxmayıb,sadəcə olaraq artıq alternativlərin güclənməsi səbəbindən tədricən zəifləyir”.
Ləman Sərraf






