"Dövlət universitetləri əlverişli mühit, özəl isə müasir təhsil axtaranlar üçün yaxşı seçimdir" - ŞƏRH
“Ali təhsil seçimi yalnız diplom almaq deyil, həm də gələcək karyera, sosial çevrə və şəxsi inkişaf üçün vacib qərardır. Buna görə də “dövlət universiteti daha yaxşıdır, yoxsa özəl?” sualının tək cavabı yoxdur. Seçim tələbənin məqsədlərindən, maddi imkanlarından və ixtisas istiqamətindən asılı olaraq dəyişə bilər”.
Bu fikirləri təhsil eksperti Vüsət Əzizov Patrul.az-a ali təhsil seçimi zamanı dövlət, yoxsa özəl universitetlərə üstünlük verməyin daha yaxşı olduğu barədə danışarkən səsləndirib.
O qeyd edib ki, dövlət universitetlərinin əsas üstünlüklərindən biri daha münasib təhsil haqqı və bəzi hallarda dövlət sifarişi ilə ödənişsiz təhsil imkanlarının daha çox olmasıdır:
“Azərbaycanda Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti kimi dövlət ali məktəbləri uzun illərin təcrübəsinə, geniş müəllim heyətinə malikdir. Dövlət universitetlərində tələbə sayı çox olduğundan rəqabət mühiti də daha güclü olur. Bu isə bəzən tələbələrin inkişafına müsbət təsir edir.
Bununla yanaşı, dövlət universitetlərində bəzi problemlər də müşahidə olunur: köhnə tədris metodları, böyük qruplar və tələbə ilə fərdi işin az olması kimi hallar təhsil keyfiyyətinə təsir edə bilər.
Özəl universitetlər isə adətən daha müasir tədris sistemi, texnoloji imkanlar və praktik yönümlü proqramlarla seçilir. Bəzi özəl ali təhsil müəssisələri beynəlxalq əlaqələrə, ingilisdilli təhsilə və tələbəyönümlü yanaşmaya daha çox önəm verir. Özəl universitetlərdə qruplar nisbətən kiçik olduğundan müəllim-tələbə əlaqəsi daha yaxın olur”.

Ekspertin fikrincə, özəl ali məktəblərin ən böyük çatışmazlığından biri dövlət ali təhsil müəssisələrinə nəzərən yüksək təhsil haqqının olmasıdır:
“Bundan başqa, bütün özəl universitetlərin eyni səviyyədə keyfiyyət təqdim etmədiyini də nəzərə almaq lazımdır. Bəzilərində diplomun nüfuzu və iş bazarındakı təsiri dövlət universitetləri qədər güclü olmaya bilər.
Digər tərəfdən Azərbaycanda müxtəlif illər ərzində bir neçə özəl ali təhsil müəssisəsi fəaliyyətini dayandırıb və ya bağlanıb. Bunların bəziləri lisenziya problemləri, bəziləri maliyyə çətinlikləri, bəziləri isə qanunsuz fəaliyyət səbəbindən bağlanıb. Qeyd olunan hallar da gələcəkdə yaşana bilər deyə bəzi abituriyentlər özəl ali təhsil müəssisələrini seçmir. Lakin vurğulamaq lazımdır ki,vaxtilə bağlanan və ya fəaliyyətini dayandıran ali təhsil müəssisələrin tələbələri Elm və Təhsil Nazirliyi tərəfindən başqa özəl və ya dövlət ali təhsil müəssisələrinə köçürülüb.
Əslində uğurun əsas açarı universitetin dövlət və ya özəl olması deyil, tələbənin öz üzərində necə işləməsidir. Güclü müəllim heyəti, təcrübə proqramları, xarici əlaqələr, ixtisasın əmək bazarındakı perspektivi və şəxsi inkişaf imkanları seçim zamanı daha vacib meyarlardır”.
“Nəticə olaraq da qeyd etmək olar ki,maddi baxımdan əlverişli və ənənəvi akademik mühit istəyənlər üçün dövlət universitetləri yaxşı seçim ola bilər. Daha müasir, beynəlxalq və praktik yönümlü təhsil axtaranlar isə özəl universitetlərə üstünlük verə bilərlər. Ən doğru seçim isə tələbənin məqsədlərinə və gələcək planlarına uyğun olan universitetdir”,– deyə o əlavə edib.
Ləman Sərraf






