media-inshot_20260123_154740324

2023-cü il 7 oktyabr tarixində HƏMAS-ın İsrailə hücumu nəticəsində Yaxın Şərqdə genişmiqyaslı hərbi əməliyyatlara əsaslanan müharibə başladı. İsrailin Fələstinin Qəzza zolağına həyata keçirdiyi hücumlar bölgəni demək olar ki, tamamilə xarabalığa çevirdi. Müharibə zamanı ümumilikdə 71 562 nəfər fələstinli həlak oldu, minlərlə insan isə müxtəlif bölgələrə qaçqın düşdü.

Baş verən müharibə təkcə mülki əhalini deyil, hətta öz vətənlərində olmayan siyasi rəhbər şəxsləri də hədəfə aldı. Belə ki, 31 iyul 2024-cü il tarixində İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə qatılmaq üçün Tehrana səfər edən HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürüldü. Onun olduğu Tehrandakı bina bombalandı. Haniyə ilə yanaşı, bir sıra fələstinli rəsmi şəxslər də həlak oldu.

İsrailin Qəzzada minlərlə mülki şəxsi qətlə yetirməsi bir çox ölkələr tərəfindən də qınandı. Bunlardan biri də münaqişəli tərəflər arasında sülh yaratmaq istədiyini bildirən ABŞ Prezidenti Donald Trampın Qəzzadakı vəziyyətə son qoymaq məqsədilə tərəflərlə müxtəlif səviyyələrdə danışıqlar aparması oldu. Bu danışıqların ən mühüm mərhələsi 10 oktyabr 2025-ci ildə Türkiyə, Qətər və Misirin iştirakı, o cümlədən Trampın vasitəçiliyi ilə HƏMAS və İsrail arasında sülh planının əldə olunması oldu.

Hazırda isə Qəzzanın taleyi ilə bağlı beynəlxalq səviyyədə konkret addımlar atılır. Sözügedən sülh planının şərtlərindən biri Qəzzanın müharibədən sonrakı bərpası və idarə olunması məqsədilə Sülh Şurasının yaradılmasıdır.

Belə ki, dünən İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində, ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Qəzzanın müharibədən sonrakı bərpası və idarə olunmasını hədəfləyən tarixi “Sülh Şurasının Nizamnaməsi” imzalanıb.

Bu Şuraya qoşulmaq məqsədilə Azərbaycan Prezidenti də daxil olmaqla, bir sıra dövlətlərin rəhbərləri sənədi imzalayaraq üzvlüyü qəbul ediblər.

Şura Qəzzanın demilitarizasiyası, yenidən qurulması və bölgəyə beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi kimi kritik məsələlərə nəzarət edəcək.

Bəs maraqlıdır, Sülh Şurasını gücləndirəcək dövlətlərin də üzv olması Qəzzanın taleyində müsbət dəyişikliklərə yol aça biləcəkmi?

Bu barədə Patrul.az-a açıqlama verən politoloq Sədrəddin Soltan bildirib ki, Sülh Şurasının yaradılmasında əsas məqsəd İsrail ilə müsəlman ölkələri arasındakı gərgin münasibətləri yumşaltmaqdır:

media-inshot_20260123_153936467

“Sülh Şurasının yaradılması Qəzza zolağındakı vəziyyətə dünya birliyinin ortaq mövqedən çıxış etməsinin təzahürüdür. Bu, həm perspektivdə müstəqil Fələstin dövlətinin yaranması, eləcə də İsrail-Fələstin, İsrail-Ərəb dövlətləri ilə münasibətlərin tənzimlənməsi üçün təkan verə bilər. Bu baxımdan “Sülh Şurasının Nizamnaməsi” və bu təşəbbüsə qoşulmaq ABŞ və müsəlman dünyası, eləcədə də regionda maraqları olan ölkələr arasında bir birliyi göstərir və Yaxın Şərqdə sülhün bərqərar olmasını istəməyin təzahürüdür”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər