Elektrik xətlərinin ağaclara bərkidilməsi qaydalara uyğundurmu? - Normativ tələblər və risklər
Patrul.az-ın məlumatına görə, Xətai rayonu, Daşqın Səfərov küçəsi 7 ünvanında yerləşən yaşayış binasının önündə işıq naqilləri düzgün qaydada quraşdırılmayıb. Belə ki, naqillər yerə betonla bərkidilmiş dirəklərdən birbaşa ağaclara bağlanıb.
Son günlər paytaxtda müşahidə olunan güclü külək nəticəsində isə ağacların tərpənməsi naqillərin digər tərəfinin bərkidildiyi dirəklərə ciddi təsir göstərib. Nəticədə dirəklərin beton hissələri zədələnib, bəziləri isə əyilərək təhlükə mənbəyinə çevrilib.
Məsələ ilə bağlı narazılığını bildirən sakinlərdən biri qeyd edib ki, vəziyyət əvvəldən riskli olub:
“Bu dirəkləri basdıranda demişdim ki, naqilləri ağaclara bağlamayın. İndi də nəticəsini görürük. Güclü külək ağacı tərpədir, dirək yerindən çıxır, beton çatlayır və əyilir. Bədbəxt hadisə baş verməmiş gəlin bu problemi həll edin”, – deyə sakin bildirib.
Qeyd edək ki, dirəklərin birbaşa binanın önündə yerləşməsi təhlükəni daha da artırır. Mümkün aşma halı həm mənzillərin pəncərələri, həm də binaya giriş-çıxış edən sakinlər üçün ölümcül nəticələrə səbəb ola bilər.
Sakinlər aidiyyəti qurumlardan məsələyə təcili müdaxilə olunmasını xahiş edirlər.
Gülbəniz Səfərova






