Endirim, şəbəkələşmə, maliyyə rahatlığı: Tələbələr "TələbəPlus" barədə nə düşünür? - ŞƏRHLƏR
Tələbələr üçün gündəlik xərcləri yüngülləşdirən “TələbəPlus” kartı ölkədəki ali təhsil müəssisələrində getdikcə populyarlaşır. Kartın tətbiqi ilə restoranlar, kafelər, kitab mağazaları və hətta kinoteatrlarda endirimlərdən faydalanmaq mümkün olur. Xüsusilə, McDonald’s-ın proqramın sırasına qoşulması tələbələr arasında böyük sevinc doğurub, çünki bu, onların dərsdən sonra ən çox üstünlük verdiyi yerlərdən biridir.
Bəs maraqlıdır ki, tələbələr “TələbəPlus” kartından daha çox hansı endirimlərdən istifadə edirlər?
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 3-cü kurs tələbəsi Aydan Əliyeva Patrulaz.az-a açıqlamasında “TələbəPlus” kartından mütəmadi istifadə etdiyini bildirib.
O qeyd edib ki, əsasən restoran və kafe endirimlərindən yararlanır:
“Əslində, mən “”TələbəPlus” kartından artıq bir neçə dəfə istifadə etmişəm. Daha çox restoran və kafe endirimlərindən yararlanıram. Xüsusən McDonald’s-da endirimlərin tətbiq olunması çox yaxşı oldu, çünki biz gənclərin ən çox üstünlük verdiyi yeməklərdən biridir. Həmçinin bəzi kitab mağazalarında da endirimlər var. Ümumiyyətlə, kartın əsas üstünlüyü odur ki, tələbə olduğumu sübut edib gündəlik xərclərimi bir az yüngülləşdirə bilirəm”.
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin 2-ci kurs tələbəsi Aytac Hüseynzadə isə “TələbəPlus” kartının sosial və inkişaf imkanlarına diqqət yetirib.
O əlavə edib ki, kartın bəzi çatışmazlıqları da var:
“Tələbə Plus mənim üçün tələbə həyatını daha rahat edir. Burada həm endirimlərdən, həm də təcrübə imkanlarından yararlanmaq mümkündür, bu da tələbə büdcəsinə və inkişafına böyük dəstəkdir. Tələbələrin bir-biri ilə daha çox əlaqə qurmasına və şəbəkələşməsinə şərait yaradır.
Endirimlər hər yerdə keçərli olmur, çeşidi isə daha da genişləndirmək olar. Təcrübə və imkanlar barədə məlumatlar daha şəffaf və əlçatan olsa, tələbələr üçün daha faydalı olar”.
Bakı Slavyan Universitetinin Təhsil fakültəsinin 3-cü kurs tələbəsi Maya Hüseynova isə kartın maliyyə əməliyyatlarında verdiyi üstünlükləri vurğulayıb:
“‘TələbəPlus” kartı mənim gündəlik maliyyə idarəçiliyimdə böyük rahatlıq yaradıb. Kart vasitəsilə komissiyasız əməliyyatlar aparmaq, müxtəlif endirimlərdən faydalanmaq və cashback qazanmaq imkanım olub. Eyni zamanda onlayn ödənişlərimi daha asan şəkildə həyata keçirmişəm. Həmçinin, nəqliyyatda balans yükləməkdə rahatlıq və xərclərə nəzarət imkanları da mənim üçün əsas üstünlüklərdən biridir”.
Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin 5-ci kurs (qiyabi) tələbəsi Gülövşə Əsədzadə kartın daha çox kitab mağazalarında yardımına çatdığını bildirir:
“Mən kartı bu il əldə etmişəm. Cinemalarda və kitab mağazalarında istifadə etmişəm. Çox kitab oxuyan biri olaraq bu kart mənim köməyimə çatır”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bu ilin məzunu Sevda Əliyeva isə “TələbəPlus” kartından çox istifadə edə bilmədiyini, lakin yenə də endirim imkanlarını müsbət qiymətləndirdiyini bildirib:
“Sonuncu kursda tətbiq olundu, ona görə “TələbəPlus” kartından çox istifadə etməyə vaxtım olmadı. Sadəcə “Park Cinema”sa bir dəfə istifadə etdim. Amma “McDonald’s”ın qoşulması məni tələbələrin adından çox sevindirdi, çünki tələbələr dərsdən sonra ən çox getdiyi yerlərdən biri məhz McDonald’s-dır. Özüm daxil olmaqla, biz məzunlar çox istifadə edə bilməsək də, əminəm ki, gələcək yeni tələbələr üçün daha çox istifadəyə yararlı endirimlər olacaq”.
Ümumilikdə, tələbələr “TələbəPlus” kartı vasitəsilə gündəlik xərclərini daha rahat idarə edə bilir, restoran və kafe endirimlərindən, kitab mağazalarından, kinoteatrlardan və nəqliyyatda müxtəlif üstünlüklərdən faydalanırlar. Həmçinin, “McDonald’s”ın proqramın sırasına qoşulması tələbələrin gündəlik seçimlərini daha da asanlaşdırıb. Gələcəkdə isə kartın daha çox endirim və imtiyazlarla tələbələr üçün daha da əlçatan olması gözlənilir.
Cəmilə Cəfərzadə






