media-inshot_20251219_124633435

Məlum olduğu kimi, Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə TikTok-dur. Keçən ilin statistikasına görə, ölkədə 9,23 milyon internet istifadəçisi var və onlardan 6,10 milyonu TikTok istifadəçisidir. Son bir neçə ildə TikTok “Kutu ma Kutu”, “Lokko” və digər virus kimi yayılan trendləri ilə insanların gündəm mövzusuna çevrilib.

Maraqlıdır ki, əvvəllər sosial mediada görünüşcə o qədər də “ideal” olmayan və ya əqli qüsuru olan insanlar üzlərini göstərməyə çalışmırdılar. Həmçinin, TikTok-a adi görkəmi ilə başlayıb, daha sonra geniş tanınan və məşhurlaşan istifadəçiləri də görmüşük. Lakin indi sosial media məkanında bir çox trend və populyar məzmun bu kateqoriyaya aid şəxslər tərəfindən yaradılır.

Bu dəyişimin psixoloji səbəbləri barədə psixoloq Aytən Ələbərova  Patrul.az-a açıqlamasında bildirib ki, bu insanların əsas məqsədi görünüşünün necə görsənməsi deyil, cəmiyyətdə tanınmaq və trendlərə qoşularaq özlərini xoşbəxt hiss etməkdir:

“Əvvəllər bir qədər fiziki qüsurları olan və ya simasını bəyənməyən insanlar bunun öhdəsindən plastik əməliyyatlarla gəlməyə başladılar. Bunun nəticəsində insanlarda birdən-birə bir özgüvən yaranmağa başladı və onlar da sosial şəbəkələrdə daha aktiv olmağa çalışdılar.

Digər tərəfdən, dünən mənim TikTok-da qarşıma çıxan yeni “Loggo” trendi oldu. O videoya baxanda xanımın gözlərində və əqli inkişafında müəyyən hallar olduğunu hiss etdim. Amma o, musiqini üz mimikaları ilə bir-bir otuzdurur. Açığı, o qadına qarşı bir istək yarandı. Düşündüm ki, o da insandır, yaşamaq və trendlərə qoşulmaq istəyir. Daxilimdə onunla empati qurdum və bir neçə müşahidə etdiyim məqam oldu.

Həqiqətən də, enerji məsələsi çox doğrudur. Dünən dəfələrlə o xanımın videosuna baxdım. Fikrimcə, insanlar cəmiyyətdən xoşbəxtliyi əldə edə bilmədikdə, artıq onu başqa yerlərdə axtarırlar. Bu xoşbəxtlik içində də düşündüm ki, onu qınamaq olmaz, çünki o da bununla xoşbəxt olur. Niyə də xoşbəxt olmasın? Onu niyə qınayasan?”.

media-inshot_20251219_124342797

Psixoloq əqli qüsurlu insanların normal hərəkətlərlə trendlərə qoşulduğunu müsbət qiymətləndirdiyini vurğuladıqdan sonra, digər tərəfdən də heç bir qüsuru olmayan amma özünü heç cür apara bilməyən insanların mövcudluğunu da xatırlatdı:

“Elə insanlar da var ki, əqli cəhətdən çox dəraklidirlər, neçə ali məktəb bitiriblər, lakin heç özlərini idarə edə bilmirlər. Bu təbii ki, başqa məsələdir. Az öncə qeyd etdiyim xanım kimi, bəzilərinin dostu və yaxını yoxdur və öz problemlərini unutmaq üçün özlərinə trendlər yaradırlar. Təbii ki, bunlar fərqli yanaşmalardır.

Fikrimcə, bu cür insanların içində bir səmimiyyət və sevgi var. Onlar, xoşbəxt edə bilməyən insanların arasında, öz xoşbəxtliklərini tapırlar. Yəni, bu cür insanlar canlıları açmaq, trendlərə qoşulmaqla öz rutinlərinə bir harmoniyа qatırlar”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər