Evində usta işlədənlərin NƏZƏRİNƏ: Baş verən bədbəxt hadisə nəticəsində həbs oluna bilərsiniz!
İnşaat sektorunda çalışan işçilərin xəsarət alması və ya həyatını itirməsi hallarına tez-tez rast gəlinir. Belə vəziyyətlərdə ən çox müzakirə olunan məsələlərdən biri də sağlamlığa dəyən zərərə görə kompensasiyanın ödənilməsidir. Təcrübə göstərir ki, bir çox hallarda zərərçəkmiş şəxslər və ya onların ailə üzvləri kompensasiya almaqda çətinlik çəkirlər.
Evinizdə çalışan inşaat sektoru işçilərinin (ustaların) xəsarət alması və ya həyatını itirməsi zamanı məsuliyyət kimin üzərinə düşür?
Mövzu ilə bağlı Patrul.az-a danışan 5 saylı Vəkil Bürosunun vəkili Asim Abbasov bildirib ki, tikinti sahəsində baş verən bədbəxt hadisələr, o cümlədən işçinin xəsarət alması və ya həyatını itirməsi hüquqi baxımdan çox ciddi məsuliyyət yaradan hallardır və bu məsuliyyət konkret vəziyyətin xüsusiyyətlərindən asılı olaraq bir neçə tərəfin üzərinə düşə bilər:
“İlk növbədə qeyd edim ki, Azərbaycan Respublikasının əmək və mülki qanunvericiliyinə əsasən, işçilərin təhlükəsiz əmək şəraiti ilə təmin edilməsi birbaşa olaraq işəgötürənin əsas vəzifələrindən biridir. Əgər tikinti işlərini həyata keçirən ustalar rəsmi şəkildə müəyyən bir şirkət və ya fiziki şəxs tərəfindən işə cəlb olunublarsa, həmin işəgötürən əməyin mühafizəsi qaydalarına riayət olunmasına, təhlükəsizlik texnikasının tətbiqinə, işçilərin təlimatlandırılmasına və zəruri qoruyucu vasitələrlə təmin edilməsinə görə məsuliyyət daşıyır. Əgər hadisə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş veribsə, bu halda məsuliyyət əsasən işəgötürənin üzərinə düşür. Bu məsuliyyət həm mülki (zərərin ödənilməsi), həm inzibati, həm də ağır nəticələr olduqda cinayət məsuliyyəti formasında yarana bilər”.

Vəkilin sözlərinə görə, digər tərəfdən tikinti aparılan evin sahibi də müəyyən hallarda məsuliyyət daşıya bilər:
“Əgər ev sahibi işləri qeyri-rəsmi şəkildə təşkil edibsə, təhlükəsizlik tədbirlərinə nəzarət etməyibsə və ya qanunsuz əmək münasibətləri yaradıbsa, bu zaman o da məsuliyyətə cəlb oluna bilər. Bundan əlavə, əgər tikinti işlərində podratçı və ya subpodratçı təşkilatlar iştirak edirsə, məsuliyyət onların arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq bölüşdürülə bilər. Lakin bu halda belə, əməyin mühafizəsi qaydalarının pozulmasına görə birbaşa məsuliyyət həmin qaydaları təmin etməli olan tərəfin üzərində qalır”.
“Nəticə etibarilə, belə hallarda məsuliyyətin kimə aid olması konkret faktlardan – işçinin hüquqi statusundan, əmək münasibətlərinin rəsmiləşdirilməsindən, təhlükəsizlik qaydalarına riayət olunub-olunmamasından və tərəflər arasında bağlanmış müqavilələrin şərtlərindən asılı olaraq müəyyən edilir. Hər bir hadisə ayrıca araşdırılmalı və hüquqi qiymət verilməlidir”,– deyə o əlavə edib.
Ləman Sərraf






