“Fermerlər aqrar sığortaya daha yaxından cəlb olunmalıdır”- DEPUTAT
“Azərbaycanın iqlim şəraiti, torpaqlarının münbitliyi aqrar sahənin inkişafı üçün lazımi imkanlar yaradır. Müəyyən iqlim dəyişmələri istisna edilməklə, torpaqlardan yüksək məsul əldə etmək mümkündür. Son illərdə aqrar sahədə həyata keçirilən tədbirlər də bunu bir daha sübut edib. Çünki ötən ilin nəticələri göstərir ki, kənd təsərrüfatının əksər sahələrində uğurlu nəticələr əldə edilib və məsul istehsalı 1.7 faiz artıb. Hazırki vəziyyət bu göstəricilər yaxşı nəticədir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Deputat bildirib ki, işğaldan azad olunmuş ərazilərdə görülən işlər, torpaqların minalardan təmizlənməsi, 100 minlərlə hektar torpağın əkin dövriyyəsinə hazır olması aqrar potensialımızı bir daha artırır: “Sözsüz ki, işğaldan azad edilmiş ərazilərimizdə müxtəlif kənd təsərrüfatı məhsulları yetişdiriləcək. Çünki həmin ərazilər pambıqçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıq üçün əlverişli ərazilərdir.
Son illər aqrar sığortanın tətbiqi sahəsində də müəyyən tədbirlər görülüb. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən hər bir sığorta məsulu üzrə sığorta haqqının 50 faizi dövlət büdcəsinin hesabından ödənilir. Yaxşı haldır ki, keçdiyimiz illərdə fermerlərin aqrar sığortaya cəlb olunması, könüllü şəkildə tədbirin həyata keçirilməsi xeyli sürətləndirilib. Kənd təsərrüfatı bitkiləri və məsullarının sığortası üzrə ötən ilin eyni dövrü ilə müqayisədə imzalanmış müqavilələrin sayı artıq 11 faizi keçib.
Hər il iqlim dəyişmələri, təbii fəlakətlərdən ziyan çəkən fermerlərə ödənişlərin artırılması da yüksəlib. 2024-cü ildə 14 milyondan artıq sığorta haqqı toplanılmışdır ki, bu da əvvəlki illərdən xeyli artıqdır. Əlbəttə ki, aqrar sığortanın həyata keçirilməsi və tətbiqi, fermerlərin bu işə münasibətinin yaxşılaşması sahibkarlığın inkişafı üçün vacibdir. Eyni zamanda sahibkarların gələcəkdə öz təsərrüfatlarını inkişaf etdirmək baxımından da əhəmiyyətlidir. Çünki təbii fəlakətlər, ziyanvericilər hər il təsərrüfatlara külli miqdarda ziyan vurur. Belə olan halda fermerlər könüllü olaraq sığortaya getməli və gələcəkdə onlara dəymiş ziyanın ödənilməsi təmin olunmalıdır. Bu sahədə hələ də bəzi çətinliklər var. Buna görə də maarifləndirmə tədbirləri daha da gücləndirilməli və fermerlər aqrar sığortaya daha yaxından cəlb olunmalıdır”.
Səbinə Hüseynli