FHN Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib
Bu gündən xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarını qeyd etməyə başlayır. Bu münasibətlə keçirilən mərasimlərdə, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması arzuolunmaz və acı nəticələrə yol aça bilər.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Patrulaz.az-a bildirilib ki, qeyd olunanlarla bağlı nazirlik əhaliyə müraciət edərək, Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.
Bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır. Tonqal üzərindən atılarkən ehtiyatlı davranmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, eyni zamanda, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Həmçinin nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.
Pirotexniki vasitələrdən istifadənin qadağan olduğu yadda saxlanılmalıdır.
Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!