media-7fd7f26c-90bc-4929-8117-2fadd8ab880c

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Ford Group MMC-yə məxsus müəssisənin fəaliyyəti ətraf ərazilərdə yaşayan sakinlərin sağlamlığında narahatlıq doğurur. Zavoddan yayılan ağ rəngli tullantıların yaxınlıqdakı evlərə və insanların həyatına təsiri ciddi narazılıqla qarşılanıb.

Patrulaz.az xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən tullantılar 10 metr məsafədə yerləşən yaşayış evlərinə qədər yayılır. Onların iddiasına əsasən, ağ rəngli toz şəklindəki maddə uşaqlarda nəfəsalma problemlərinə səbəb olur və antigigiyenik şərait yaradır. Sakinlər bildirirlər ki, tullantılar təmizlənsə də, vəziyyət qısa müddət sonra yenidən təkrarlanır. “Uşaqlar bu ağ maddəni qar zənn edərək əllərini ona vururlar,” – deyə narazı sakinlərdən biri qeyd edib.

Onların sözlərinə görə, küləkli havalarda maddənin evlərə doğru yayılması daha da artır və nəticədə, həm maddi, həm də fiziki ziyanla qarşılaşırlar.

Xatırladaq ki, sakinlərin şikayətlərinə baxmayaraq, müəssisə onların iradlarını qəbul etmir. Şirkət nümayəndələri bu iddiaları təkzib edərək, sakinlərin əsl məqsədinin öz torpaqlarını şirkətə satmaq olduğunu bildiriblər. Onlar bütün şikayətləri təxribat xarakterli adlandırıblar.
Lakin ağ rəngli naməlum maddənin evlərə və ətraf ərazilərə töküldüyü açıq-aşkar görünür.

Qeyd edək ki, təxminən 2 ay əvvəl Xəzər Televiziyası bu problemi ictimailəşdirərək işıqlandırmışdı. Sakinlərin sözlərinə görə, çəkilişdən sonra qısa müddətlik vəziyyətdə nisbətən sakitlik müşahidə olunsa da, daha sonra yenidən eyni problemlər təkrarlanmağa başlayıb.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan dərhal tədbir görülməsini tələb edirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər