"Fors-major şəraitdə imtahan verənlər üçün fərqli yanaşma tətbiq edilə bilərdi" - DİM-in imtahan qərarına ekspert ŞƏRHİ
Ölkədə müşahidə olunan əlverişsiz hava şəraiti qəbul və magistratura imtahanlarının keçirilməsinə də ciddi təsir göstərib. Güclü yağış və nəqliyyatda yaranan problemlər səbəbindən bəzi iştirakçılar imtahan mərkəzlərinə vaxtında çata bilməyib. Bunun ardınca yaranan narazılıqlar fonunda Dövlət İmtahan Mərkəzi tərəfindən bildirilib ki, müraciət edən şəxslər üçün 14 iyun 2026-cı il tarixində yenidən imtahan təşkil olunacaq. Qeyd edilib ki, əvvəlki imtahanda iştirak edənlər üçün proses ödənişli, iştirak etməyənlər üçün isə ödənişsiz əsaslarla həyata keçiriləcək.
Bəs, DİM-in tətbiq etdiyi bu yanaşma iştirakçılar arasında yaranan narazılığı aradan qaldıra biləcəkmi?
Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki, DİM-in magistratura imtahanı ilə bağlı verdiyi qərar ümumilikdə müsbət addım olsa da, qərarın tətbiq mexanizmində müəyyən məntiqi uyğunsuzluqlar və yanaşma problemləri qalmaqdadır:
“DİM-in magistratura imtahanı ilə bağlı çıxardığı bu operativ qərar, əslində, gecikmiş bir ədalətin bərpasıdır və atılan addım prinsip etibarilə müsbətdir. Çünki ortada kütləvi fors-major bir vəziyyət var idi və qurumun vətəndaşın səsini eşidib geri addım atması idarəçilik baxımından doğru yanaşmadır. Amma qərarın detallarına baxanda, burada ciddi bir məntiq və yanaşma xətası özünü büruzə verir”.
Ə. Həsənli qeyd edir ki, ağır şəraitdə imtahan verən tələbələrdən yenidən ödəniş tələb olunması sosial ədalət prinsipinə uyğun görünmür:
“İmtahana gecikənlər və iştirak edə bilməyənlər üçün 14 iyunda yenidən şansın tanınması tamamilə humanist və obyektiv addımdır. Lakin prosesin digər tərəfi — 17 mayda o ağır şəraitdə, selin-yağışın içində imtahan zalına birtəhər çatmış, stress və psixoloji gərginlik altında imtahan vermiş tələbələrə “yenidən iştirak etmək üçün 50 manat ödəyin” şərtinin qoyulması sosial ədalət prinsipinə kökündən ziddir”.

Həmçinin onun sözlərinə görə, ağır psixoloji gərginlik və fors-major şəraitdə imtahan verən tələbələrdən yenidən ödəniş tələb edilməsi məsuliyyətin vətəndaşın üzərinə qoyulması kimi qiymətləndirilir:
“Biz hansı bərabər şəraitdən danışa bilərik? Tələbələrin bir qismi yollarda qaldığı üçün imtahana girə bilməyib, digər qismi isə zala daxil ola bilsə də, islanmış geyimlə, gecikmək qorxusunun yaratdığı ağır psixoloji travma və sarsıntı ilə test suallarının qarşısında əyləşib. Yəni o binaların daxilində olan uşaqlar da əslində fors-major vəziyyətin qurbanı olublar və normal mühitdə imtahan verməyiblər. İndi həmin gənclərə “nəticəni yeniləmək və ya bərabər rəqabət aparmaq üçün yenidən rüsum ödə” demək, məsuliyyəti vətəndaşın cibinə yükləməkdir”.
Təhsil eksperti onu da vurğulayır ki, fors-major şəraitin yaratdığı problemlərin maddi yükünün tələbələrin üzərinə qoyulması deyil, bütün namizədlərə ödənişsiz və bərabər yenidən imtahan imkanı yaradılması daha ədalətli yanaşma olardı:
“Şəhərdəki infrastruktur probleminin, koordinasiyasızlığın bədəlini tələbə niyə maddi olaraq ödəməlidir?
DİM-in burada tətbiq etməli olduğu real yanaşma bu olmalı idi: imtahanda iştirakından asılı olmayaraq, 17 may qeydiyyatından keçmiş bütün namizədlərə 14 iyun imtahanı tamamilə ödənişsiz və könüllü təklif edilməli idi. Kim öz nəticəsini təkmilləşdirmək istəyirsə, rüsumsuz iştirak edə bilməli, dövlət isə öz vətəndaşına bu çətin gündə tam dəstək nümayiş etdirməli idi. Çünki keyfiyyətli idarəetmə və vətəndaş mərkəzli təhsil siyasəti böhran anlarında büdcəni yox, insan amilini və onun sarsılmış mənəviyyatını ön plana çəkməyi tələb edir”.
Cəmilə Cəfərzadə






