"Gecə saatlarında ucadan musiqi çalanlar 200 manata qədər cərimələnə bilərlər" - Vəkildən XƏBƏRDARLIQ
Şəhər və yaşayış məntəqələrində vətəndaşların sakitliyinin qorunması qanunla təmin olunur. Xüsusilə gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi, tikinti işlərinin aparılması və digər səs-küy yaradan fəaliyyətlər insanların istirahətini pozduqda, bu hallar yerli icra hakimiyyəti orqanları və ya müvafiq hüquq-mühafizə qurumları tərəfindən nəzarət edilə bilər. Qanunvericilikdə belə hallara qarşı inzibati tədbirlər nəzərdə tutulur və pozuntular müəyyən miqdarda cərimə ilə nəticələnə bilər.
Gecə saatlarında səs-küy yaratmaqla vətəndaşların istirahətini pozan şəxslər qanunla cərimələnə bilərmi?
Bu barədə vəkil Asim Abbasov Patrul.az-a açıqlamasında bildirib ki,gecə saatlarında səs-küy yaratmaq Azərbaycan qanunvericiliyinə görə cərimə ilə nəticələnə bilər:

“Gecə saatlarında (ümumən gecə 24:00-dən 07:00-dak) səs-küy salmaq, ucadan musiqi çalmaq və ya digər səs-küy yaratmaq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən cərimə ilə nəticələnən inzibati məsuliyyət yaradır; fiziki şəxslər 150-200 AZN, vəzifəli şəxslər isə 2000 manatdan 2500 manatadək məbləğdə cərimələnə bilər, bununla yanaşı, narahatlığın davam etməsi halında MTK, İdarəyə və ya polisə müraciət etmək mümkündür. Həmçinin Mülki Məcəllənin 170-171-ci maddələrinə əsasən, qonşuluq hüquqları çərçivəsində müəyyən səs-küyə (toz, buxar, səs-küy) dözmək tələb olunsa da, bu narahatlıq əhəmiyyətli dərəcədə pozuntu yaradırsa, məhkəmə yolu ilə kompensasiya tələb etmək mümkündür”.
Cəmilə Cəfərzadə






