Gəncədə utilizasiya zavodundan qalxan qara tüstü sakinləri boğur - VİDEO
Gəncə şəhəri, Poçt qəsəbəsində fəaliyyət göstərən Utilizasiya zavodunun havaya çirkli tüstü buraxdığı iddia olunur.
Patrul.az-a daxil olan şikayətdə Vüsət Əliyev küçəsinin sakinlərindən biri bildirib ki, Utilizasiya zavodundan yayılan tüstü qəsəbə sakinlərinin nə qış, nə də yay aylarında normal nəfəs almasına imkan verir.
Redaksiyamıza daxil olan videogörüntülərdə sözügedən zavoddan çıxan qalın qara tüstü ərazini bürüyərək, məhəlləni tamamilə duman altında qoyub.
Poçt qəsəbəsinin sakinləri aidiyyəti dövlət qurumlarından Utilizasiya zavodunun ətraf mühitə və insan sağlamlığına zərər vuran fəaliyyəti ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsini xahiş edirlər.
Qeyd edək ki, sözügedən zavodun ekoloji normalara cavab verməməsi ilə yanaşı, eyni zamanda qanunsuz fəaliyyət göstərdiyi də iddia olunur.
Məlumat üçün bildirək ki, “Atmosfer havasının mühafizəsi haqqında” Qanuna əsasən, müəssisələr xüsusi icazə olmadan və ya müəyyən edilmiş normativlərdən artıq zərərli maddələrin havaya buraxılmasına yol verə bilməz.
Həmin qanuna görə, əgər atmosferin çirkləndirilməsi insan sağlamlığına ciddi zərər vurarsa, məsul şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Gülbəniz Səfərova






