Hər səhər yorğun oyanırsınız? - Bu səbəbləri bilməlisiniz!
Yay istisi yuxunuzu oğurlayır: Səhər yorğunluğunun gizli səbəbləri və həll yolları
Yay aylarında artan istilik və rütubət təkcə gündüz fəaliyyətlərinə deyil, həm də gecə yuxusuna mənfi təsir göstərir. Səhərlər narahatlıq hissi ilə oyanan, gün ərzində davamlı zəiflik, diqqəti cəmləməkdə çətinlik çəkən və yorğunluq yaşayan insanların sayı artır. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət sadəcə “yay yorğunluğu” kimi qiymətləndirilməməlidir. Nevrologiya üzrə mütəxəssis Dr. Vüsal Nəcəfəliyevin sözlərinə görə, isti və rütubətli hava orqanizmin yuxuya getməsi üçün lazım olan bədən temperaturunun aşağı düşməsinə mane olur. Nəticədə yuxuya getmək çətinləşir, dərin yuxu fazası qısalır və insan səhərlər tam dincəlməmiş halda oyanır.
Yuxu sadəcə istirahət deyil, beynin özünü bərpa etdiyi, yaddaşın möhkəmləndiyi və orqanizmin yeniləndiyi vacib fizioloji prosesdir. Keyfiyyətsiz yuxu diqqətin azalmasına, yaddaşın zəifləməsinə, qərarvermə qabiliyyətinin pisləşməsinə və reflekslərin yavaşlamasına səbəb olur. Bu isə həm iş məhsuldarlığını azaldır, həm də yol-nəqliyyat hadisələri və istehsalat qəzalarının riskini artırır.
Aparılan tədqiqatlar göstərir ki, isti otaqda cəmi 4-5 saat yatmış sürücülərin reaksiya müddəti normal yuxu alan şəxslərlə müqayisədə orta hesabla 0,8 saniyə gecikir. Saatda 90 kilometr sürətlə hərəkət edən avtomobil üçün bu gecikmə təxminən 20 metr əlavə tormoz məsafəsi deməkdir. Bu fakt yuxusuzluğun insan həyatına necə ciddi təhlükə yarada biləcəyini göstərir.
Yuxusuzluq təkcə beyin fəaliyyətinə deyil, immun sisteminə də mənfi təsir göstərir. Klinik araşdırmalara əsasən, gecə ardıcıl olaraq 6 saatdan az yatan şəxslərdə qoruyucu immun hüceyrələrinin səviyyəsi aşağı düşür. Belə insanların yay aylarında kondisioner səbəbli soyuqdəymə və respirator virus infeksiyalarına yoluxma riski normal yatanlarla müqayisədə təxminən üç dəfə yüksək olur.
Mütəxəssislər yay aylarında kondisioner və ventilyatorlardan düzgün istifadə etməyin vacibliyini də vurğulayırlar. Kondisionerin temperaturu həddindən artıq aşağı salınmamalı, otaq temperaturu 22-24 dərəcə Selsi arasında saxlanılmalıdır. Hava axınının birbaşa yatağa yönəldilməsi əzələ ağrılarına, boyun tutulmasına və boğaz quruluğuna səbəb ola bilər. Cihazların filtrləri mütəmadi təmizlənməli və texniki baxımdan saz vəziyyətdə saxlanmalıdır.
Yuxuya təsir edən əsas amillərdən biri də rəqəmsal ekranlardır. Telefon, planşet və kompüter ekranlarından yayılan mavi işıq yuxu hormonu hesab olunan melatoninin ifrazını azaldır. Laboratoriya müşahidələri göstərir ki, gecə saatlarında telefondan istifadə edən şəxslərdə melatonin səviyyəsi kəskin aşağı düşür, eyni zamanda yüksək temperatur səbəbindən orqanizmdə kortizol – stress hormonu artır. Nəticədə insan özünü yorğun hiss etsə də, yuxuya getməkdə çətinlik çəkir.
Mütəxəssislər sağlam yuxu üçün bir sıra sadə qaydalara əməl etməyi tövsiyə edirlər. Yay aylarında sintetik parçalar əvəzinə pambıq və ya kətan yataq dəstlərindən istifadə etmək, axşam saatlarında kofeinli, spirtli və şəkərli içkilərdən uzaq durmaq, yatmazdan 2-3 saat əvvəl ağır yeməklər qəbul etməmək və otağı yatmazdan əvvəl yaxşı havalandırmaq yuxu keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Dr. Vüsal Nəcəfəliyev bildirir ki, çox isti gecələrdə arabir oyanmaq normal hesab olunsa da, yuxu problemləri bir neçə həftədən çox davam edirsə, gündəlik həyata mənfi təsir göstərirsə, yüksək səslə xoruldama, yuxu apnesi, səhər baş ağrıları və gün ərzində qarşısıalınmaz yuxululuq müşahidə olunursa, mütləq nevroloqa müraciət edilməlidir. Bu əlamətlər daha ciddi sağlamlıq problemlərinin göstəricisi ola bilər və vaxtında diaqnostika gələcək fəsadların qarşısını almağa kömək edir.
