İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşdü - FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 17-də Antalyada Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüş keçirib.
Patrul.az xəbər verir ki, görüş zamanı dövlət başçıları Azərbaycan və Moldovada, eləcə də beynəlxalq tədbirlər çərçivəsində baş tutmuş əvvəlki görüşlərini məmnunluqla xatırlayıblar.
Tərəflər Azərbaycan-Moldova münasibətlərinin perspektivlərini müzakirə edib, əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıblar. Müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd olunub.
Görüşdə ölkələr arasında, xüsusilə enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların mövcudluğu diqqətə çatdırılıb. Moldovanın enerji ehtiyaclarının artdığı bir dövrdə Azərbaycanın göstərdiyi dəstək yüksək qiymətləndirilib.
Maya Sandu Moldovada yaşayan Azərbaycan icmasının ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyini və inkişafına töhfə verdiyini bildirib.
Sonda dövlət başçıları qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.








