İlham Əliyevin iştirakı ilə BMT Baş Assambleyasında hansı mövzular gündəmə gələcək? - Deputat ŞƏRHİ
Sentyabrın 22-də Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfər edib.
Səfər çərçivəsində Prezident İlham Əliyevin çıxışında əsas hansı mövzulara diqqət yetiriləcək?
Bu barədə Patrulaz.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Qarabağ münaqişəsindən sonra yaranan yeni reallıqlar, azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin qayıdışı əsas mövzulardandır:

“Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı Azərbaycanın beynəlxalq mövqeyini gücləndirməyə, regionda sülhün bərqərar olunmasına və ölkənin inkişaf modelinin təqdimatına həsr olunacaq. Qarabağ münaqişəsindən sonra yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərin bərpası, məcburi köçkünlərin qayıdışı əsas mövzulardan biri olacaq.
Bununla yanaşı, Orta Dəhliz və enerji təhlükəsizliyi ilə bağlı təşəbbüslər Azərbaycanın strateji rolunu ön plana çıxaracaq, yaşıl enerji və yeni nəqliyyat layihələri beynəlxalq ictimaiyyətə təqdim ediləcək. Azərbaycan multilateralizmə sadiq dövlət kimi BMT çərçivəsində insan hüquqları, inkişaf və sülh prinsiplərinin gücləndirilməsini dəstəkləyəcək.
Prezident Əliyevin çıxışı Azərbaycanın regionda aparıcı güc, dünyada isə etibarlı tərəfdaş mövqeyini bir daha təsdiqləyəcəkdir”.
Cəmilə Cəfərzadə






