media-inshot_20260519_153403352

Günümüzün danılmaz gerçəklərindəndir ki, biriylə yeni tanış olan kimi ona verdiyimiz ilk suallardan biri bürcünün nə olduğudur. Hətta bəzən bürcü bürcünə uyğun olmadığı üçün münasibəti kəsənlər, önyarğılı yanaşanlar olur. 

Bəs insanları bürclərə görə dəyərləndirmək nə dərəcədə doğrudur?

Patrul.az mövzu ilə bağlı psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, insanların bir-birini bürclərə görə qiymətləndirməsi müasir dövrdə kifayət qədər yayılmış sosial davranış formalarından birinə çevrilib:

“Xüsusilə sosial media platformalarında bürclərlə bağlı paylaşımlar, uyğunluq testləri və xarakter analizləri insanların gündəlik ünsiyyətinə ciddi şəkildə təsir edir. Artıq bir çox hallarda insanlar yeni tanış olduqları şəxsin xarakterini, münasibət potensialını və hətta etibarlılığını onun bürcü üzərindən qiymətləndirməyə çalışırlar. Bu isə psixoloji baxımdan maraqlı və düşündürücü bir tendensiyadır. Əslində insan psixologiyası qeyri-müəyyənliyi sevmir. İnsan beyni qarşısındakı şəxsi daha tez anlamaq, onu müəyyən kateqoriyaya yerləşdirmək və münasibət riskini azaltmaq istəyir. Bürclər də bir çox insanlar üçün sanki “hazır psixoloji xəritə” rolunu oynayır. İnsan düşünür ki, qarşısındakı şəxsin bürcünü bilməklə onun xarakterini, davranışlarını və münasibətdə necə biri olacağını əvvəlcədən təxmin edə bilər. Bu isə müəyyən mənada insanın psixoloji təhlükəsizlik ehtiyacından qaynaqlanır”.

Müsahibimiz qeyd edib ki, digər tərəfdən burada “Barnum effekti” deyilən psixoloji mexanizm də mühüm rol oynayır:

“Bu effektə görə insanlar ümumi və demək olar ki, hər kəsə aid edilə biləcək xüsusiyyətləri özlərinə çox uyğun hesab edirlər. Məsələn, “siz bəzən çox emosional, bəzən isə çox məntiqli davranırsınız” kimi ifadələr əksər insanlara uyğun gəldiyi halda, insanlar bunu öz şəxsiyyətlərinə xüsusi şəkildə aid edirlər. Bürclərlə bağlı təsvirlərin insanlara inandırıcı görünməsinin səbəblərindən biri də məhz budur. Amma burada diqqət edilməli vacib məqam ondan ibarətdir ki, insan şəxsiyyəti son dərəcə mürəkkəb psixoloji sistemdir. Bir insanın xarakteri yalnız doğulduğu ayla izah oluna bilməz. Şəxsiyyətin formalaşmasına ailə mühiti, uşaqlıq təcrübələri, travmalar, sosial münasibətlər, təhsil, mədəniyyət, genetik xüsusiyyətlər və həyat hadisələri təsir göstərir. Elmi psixologiyada insan davranışını qiymətləndirmək üçün müşahidə, psixometrik testlər, klinik analiz və davranış göstəriciləri əsas götürülür. Bürclərin isə elmi psixologiyada etibarlı diaqnostik və ya şəxsiyyət qiymətləndirmə vasitəsi kimi qəbul edilməsi ilə bağlı ciddi elmi sübut yoxdur. Problem o zaman yaranır ki, insanlar bürcləri sadəcə əyləncə və maraq səviyyəsindən çıxarıb münasibətlərdə qərarvermə mexanizminə çevirirlər. Məsələn, yalnız bürc uyğun olmadığı üçün münasibətdən imtina etmək, insanı tanımadan ona qarşı öncədən mənfi fikir formalaşdırmaq və ya hər davranışı bürclə əlaqələndirmək artıq stereotipləşmədir. Bu isə sosial münasibətlərdə yanlış qənaətlərə, emosional uzaqlaşmaya və bəzən insanın fərdi xüsusiyyətlərinin görməzlikdən gəlinməsinə səbəb ola bilər”.

media-inshot_20260519_152853852

Burada sosial medianın təsirinin də böyük olduğunu söyləyən E.Rüstəmov əlavə edib:

“Çünki alqoritmlər insanların emosional reaksiya verdiyi məzmunları daha çox yayır. Bürclərlə bağlı paylaşımlar isə həm əyləncəli, həm emosional, həm də insanların özlərini müəyyən qrupa aid hiss etməsinə səbəb olduğu üçün sürətlə populyarlaşır. Zamanla insan özünü həmin təsvirlərə uyğunlaşdırmağa başlayır və bu da psixologiyada “özünü doğruldan proqnoz” effekti yarada bilir. İnsan “mən qısqanc bürcəm” deyə düşünərək davranışlarını da buna uyğun formalaşdıra bilər. Ən sağlam yanaşma insanları etiketlər üzərindən deyil, fərdi xüsusiyyətləri üzərindən tanımaqdır. Münasibətlərdə əsas olan qarşılıqlı hörmət, emosional yetkinlik, empatiya, ünsiyyət bacarığı və psixoloji uyğunluqdur. Bürclər bəzi insanlar üçün maraqlı və sosial söhbət mövzusu ola bilər, lakin insan xarakterini tam şəkildə izah edən obyektiv psixoloji meyar kimi qəbul olunması doğru yanaşma hesab edilmir”.

Ləman Sərraf


Bənzər xəbərlər