İran rəsmisi: “İran və Azərbaycan arasında geniş iqtisadi perspektivlər mövcuddur"
“İran və Azərbaycan arasında geniş iqtisadi perspektivlər mövcuddur”.
Patrulaz.az xəbər verir ki, bu ifadəni Xalxal şəhərinin icra hakimiyyətinin sabiq müavini Abbas Əzizi bildirib.
O, Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıqlayaraq deyib:
“Azərbaycanla Naxçıvan arasında bu dəhlizin inşası nəticəsində İranın geosiyasi və iqtisadi baxımdan mühüm tərəfdaşı olan Ermənistanla birbaşa sərhədi bağlanacaq. Hazırda İran məhz Ermənistan üzərindən şimal ölkələrinə, Gürcüstana, Rusiyaya və Avropaya çıxış əldə edir. Bu yolun kəsilməsi İran üçün ciddi məhdudiyyətlər yaradacaq”.
Əzizi əlavə edib ki, İran və Azərbaycan arasındakı münasibətlər hələ ölkənin müstəqillik dövründən bu günə qədər mədəniyyətlə yanaşı, iqtisadi-ticarət sahəsində də xüsusi əhəmiyyət daşıyıb. Bu müddət ərzində iki ölkə arasında ticarətin sadələşdirilməsi məqsədilə çoxsaylı sazişlər və əməkdaşlıq memorandumu imzalanıb.
Qeyd edək ki, Zəngəzur dəhlizi məsələsi regionda həm geosiyasi, həm də iqtisadi baxımdan mühüm müzakirə mövzularından biridir və bu dəhlizlə bağlı İran rəsmiləri dəfələrlə narahatlıqlarını ifadə ediblər.






