İran və Azərbaycan sərhəd layihələrinin icrasını sürətləndirmək niyyətindədir
İran və Azərbaycan arasında iqtisadi və inzibati əməkdaşlıq, xüsusilə sərhəd bölgəsində həyata keçirilən birgə layihələrin icrası ilə bağlı yeni razılaşmalar əldə olunub.
Patrulaz.az “Tasnim News”a istinadla xəbər verir ki, İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev arasında keçirilən görüşdə Astara sərhəd terminalı və sərhəd körpüləri də daxil olmaqla, mövcud layihələrin həyata keçirilməsinin sürətləndirilməsi məsələsi müzakirə olunub.
Tərəflər iki ölkə arasında ticarət və nəqliyyat əlaqələrinin gücləndirilməsi məqsədilə sərhəd infrastrukturunun tezliklə istifadəyə verilməsinin vacibliyini vurğulayıblar.
Bundan əlavə, görüş zamanı Şahin Mustafayevin yaxın günlərdə İranın Astara şəhərinə səfəri ilə bağlı razılıq əldə olunub. Səfər çərçivəsində İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçiriləcək, müştərək layihələrin icra vəziyyəti qiymətləndiriləcək və mövcud çətinliklərin həlli yolları müzakirə olunacaq.
Hazırda layihələrin davam etdirilməsi və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində hər iki tərəf aktiv iş aparır.






