İran Zəngəzur dəhlizi məsələsində niyə bu qədər narahatdır? - Sədrəddin Soltan AÇIQLADI
“Zəngəzur dəhlizinin İranın özünə təhlükə saymasına dair xeyli danışıqlar aparılıb. Son günlər Tehran rəsmilərinin ziddiyyətli fikirləri də bunu təsdiqləyir. Yəni, İran hakimiyyətinin daxilində Zəngəzur yoluna ikili münasibət var. Birincisi, Məsud Pezeşkianın başçılığı ilə hökumət və onların islahatçı xətt tərəfdarlarının movqeyidir. İkincisi isə SEPAH-ın hakimiyyətdaxili mühafizəkar xəttin mövqeyidir”.
Bu fikirləri Patrulaz.az-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bölüşüb.
Şərhçi Zəngəzur dəhlizi ilə bağlı məsələdə İran hakimiyyətinin narahat olduğu məqamları qeyd edərək bildirdi ki, bu məsələ üzrə hakimiyyət daxilində ikili münasibət mövcuddur. Bir tərəf İran hakimiyyəti, digər tərəf isə farspərəst qüvvələr və SEPAH-dır.
S. Soltan, xüsusilə İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığının əsas səbəbinin ABŞ şirkətlərinin bu yolda tikinti işləri aparması olduğunu vurğuladı:
“SEPAH-ın hakimiyyətdaxili mühafizəkar xəttindən çıxış edənlər bildirirlər ki, Zəngəzur yolu İranın Avropaya çıxışını bağlayacaq, Ermənistanın ərazi bütövlüyünü pozacaq və İrəvan-İran əlaqələrinə problem yaradacaq. İslahat xəttində isə Məsud Pezeşkian başda olmaqla, bilidirir ki, Zəngəzur dəhlizi ilə bağlı deyilənləri çox şişirtmək lazım deyil. Onların sözlərinə görə, bu Ermənistanla Avropa və Qafqaz arasında olan kiçik bir dəhlizdir. Bu günlərdə isə Vaşinqton görüşündən sonra İranının Xarici İşlər naziri Abbas Əraqçi bəyan etdi ki, Zəngəzur yolu ilə bağlı məsələdə İranın mənafeyi nəzərə alınmışdır. Yəni, bu təhlükəsizlik baxımından, İranın ərazi bütövlüyü ilə bağlı Tehrana təhlükə yaratmır, o cümlədən, Ermənistan suverənliyinin ərazi bütövlüyü üzrə İrana təhlükə yaratmır. Yalnız onlar iddia edir ki, Zəngəzur dəhlizi ilə bağlı məsələdə İran təhlükəsizlik baxımından narahatlıq keçirir. Bu da ona görədir ki, həmin yol 99 illik ABŞ-nin nəzarəti altına verildi və sözügedən ərazidə Amerika şirkətləri tikinti işləri aparacaqlar. Bununla bağlı İran da narahatdır ki, həmin ərazilərdə kəşfiyyat qurğuları quraşdırıla bilər. Bu baxımdan da, onlar Zəngəzur yolu ilə bağlı məsələlərdə narahatdırlar”.
Sədrəddin Soltan İranın ABŞ-yə Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyini də qeyd etdi. Onun sözlərinə görə, Tehran təkcə bu məsələ ilə bağlı deyil, ümumiyyətlə ABŞ-yə qarşı eyni sərt mövqedədir. Yəni, bu gərgin münasibətlər onlar arasında uzun illərdir hökm sürür:
“İran hakimiyyətinin siyasi ideoloji xəttində ABŞ-yə “ölüm” şüarı dayanır. Yəni, Tehran ABŞ-ni özünə düşmən sayır. Bu siyasi baxış da yeni deyil, İranın ABŞ-yə münasibəti artıq 50 ildir ki, bu cürdür”.
Siyasi şərhçi İranın Azərbaycana qarşı qərəzli mövqeyinin səbəbini açıqlayaraq bildirdi ki, Tehran hakimiyyətinin ABŞ-yə göstərdiyi münasibətləri Azərbaycana da göstərir, sadəcə bunu açıq şəkildə həyata keçirmir:
“Tehran hakimiyyətinin Azərbaycanı sevməməsinə səbəb isə müstəqil dövlət kimi ölkəmizin mövcudluğu dünya türklərinin milli düşüncəsinə, milli varlığına və milli mədəni əxlaqına təmin olunmasında bir örnək olmasıdır. Başqa sözlə, İran ABŞ kimi Azərbaycana “ölüm” şüarını açıq şəkildə ifadə edə bilməsə də, daim fürsət düşdükcə ölkəmizə pislik etməyə çalışırlar. İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla münasibətlərin normallaşmasının vacibliyini vurğulayır. Hesab edirəm ki, İran hakimiyyəti daxilində panfarsist qüvvələr və SEPAH İranın Azərbaycan, o cümlədən ABŞ-lə münasibətlərinin normallaşmasına bir əngəldir”.
Gülbəniz Səfərova






