İrandakı etirazlarda azərbaycanlı soydaşlarımız niyə görünmür? - ŞƏRH
İranda etirazçılarla SEPAH qüvvələri arasında şiddətli toqquşmalar davam edir. Dekabrın 28-də dükan sahiblərinin valyutanın dəyərinin düşməsinə və yaşayış xərclərinə etiraz etməsi ilə başlayan nümayişlər daha sonra geniş yayılmış hökumət əleyhinə hərəkata çevrildi.
İranın Milli Təhlükəsizlik Şurasının məlumatına görə, ölkədə ölənlərin sayı 3117 nəfərdir. ABŞ-də yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) isə nümayişlər zamanı 4519 nəfərin öldüyünü bildirir. Onlardan 4251-i etirazçı, 197-si təhlükəsizlik işçisi, 35-i 18 yaşdan kiçik, 38-i isə həm etirazçı, həm də təhlükəsizlik işçisi olmayan ətrafdakı şəxslərdir.
İran hakimiyyəti etirazçılar arasında “terrorçu”ların olduğunu və onların fəaliyyətini qızışdırmaqda ABŞ hökumətinin rolunu vurğulayır. İqtisadi səbəblərə görə başlayan etirazlar daha sonra genişmiqyaslı hərəkata çevrilərək Xamenei rejiminə qarşı da yönəldi. ABŞ Prezidenti Donald Trampın etirazçıları dəstəkləməsi isə İranla münasibətləri daha da gərginləşdirdi. Hazırda ABŞ və İran rəsmiləri bir-birlərinə təhdid dolu mesajlar göndərirlər.
İrandakı etirazçıların öldürülməsi həm ABŞ, həm də bir çox digər ölkələr tərəfindən qınanır. Bütün bunlara əsasən demək olar ki, İrandakı azərbaycanlı soydaşlarımız da təhlükə altındadır. Məlumdur ki, torpaqlarımız ikiyə bölündükdən sonra Arazın o tayında milyonlarla soydaşımız ayrı düşüb. Ölkədə etirazlardan əvvəl də güneyli soydaşlarımızın haqlarının tapdalanması hallarının şahidi olmuşuq.
Maraqlıdır, İranda indiki etiraz aksiyalarında azərbaycanlı həmyerlilərimiz təhlükə səbəbindən aktivlik göstərmir, yoxsa bunun arxasında başqa siyasi təzyiqlər dayanır?
Bu barədə Patrul.az-a açıqlama verən politoloq Məhəmməd Əsəddulazadənin fikirlərini öyrəndik.
Onun sözlərinə görə, İrandakı həmyerlilərimiz etirazı qızışdıran qüvvələrin olduğunu bildikləri üçün bundan çəkinirlər:
“İranda baş verən etiraz aksiyalarında təbii ki, Güney azərbaycanlılar aktiv olmadı. Bu etiraz aksiyaları əsasən İranın paytaxtı Tehranda baş qaldırdı. Göründüyü kimi burada etiraz aksiyaçıları arasına MOSSAD və digər ölkələrin də kəşfiyyat orqanları da qoşulmuşdu. Onlar konkret olaraq çalışırdılar ki, ABŞ-nin hərbi müdaxiləsinə nail olsunlar. Çünki azərbaycanlılar İrandakı inqilabda əsas faktor rolunu oynayırlar, amma nə qazandılar? Heçbir şey qazanmadılar. Ona görə də onlar gözləmə mövqeyindədirlər. İranda 40 milyon azərbaycanlılar var və onlar kifayət qədər təsir gücünə malikdir. Onların ayağa qalxmaması Pəhləvilərin hakimiyyətə yenidən gəlməsində qarşısını aldı.

Politoloqun sözlərinə görə, indi İranda tam hüquqsuz və başsız qalan soydaşlarımıza öz istəklərini reallaşdırmaq üçün lider lazımdır:
“Düşürəm ki, İrandakı soydaşlarımız praqmativdir, yəni real düşünürlər və onların daha da ayaqlanması, öz azadlıqlarının mübarizəsi üçün mütləq şəkildə lider lazımdır. Azərbaycan Respublikası onları idarə etməlidir. Çünki onlar 200 ildən çoxdur ki, İran faktoru ilə idarə olunurlar. Bir sözlə, azərbaycanlıların etiraz aksiyalarına qoşulmaması sadaladıqlarımdan irəli gəlir”.
Gülbəniz Səfərova






