media-inshot_20250902_181251303

“Bu görüşün ən önəmli tərəfi ondan ibarətdir ki, Azərbaycan Zəngəzur dəhlizi üzrə öz ərazisində inşaat işlərini demək olar ki, yekunlaşdırmaq üzrədir. Ancaq Ermənistan ərazisində hələlik bu prosesə start verilməyib. Fikrimcə, baş tutmuş bu görüş məhz mövcud proseslərin Ermənistan ərazisində start verilməsi üçün zəmin yaradacaq və İrəvan tərəfi ABŞ-lə imzalanmış razılaşmaya əsasən, bu prosesi daha da sürətləndirəcək”.

Bunu Patrulaz.az-a açıqlamasında, dünən Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü şərh edən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat Azərbaycanın Ermənistana qarşı qoyduğu mühüm şərtlərdən biri olan ATƏT-in Minsk Qrupunun sentyabrın 1-dən etibarən ləğvini də yüksək qiymətləndirərək, İrəvan hökumətinin digər şərtləri də yerinə yetirəcəyinə ümid etdiyini bildirib:

“Azərbaycan və Ermənistan arasında sülh prosesinin sürətləndirilməsi üçün əla fürsət yaranıb. Vaşinqton görüşündə Birgə Bəyanatın imzalanaması, Xarici İşlər Nazirləri tərəfindən sülh mətninin paraflanması onu deməyə imkan verir ki, hər iki tərəf sülhün əldə olunmasında maraqlıdır. Xüsusilə, Azərbaycanın şərtləri Ermənistan tərəfindən yerinə yetirilməlidir. Bununla bağlı dünən çox xoş bir xəbər eşitdik. ATƏT-in Minsk Qrupu öz fəaliyyətini dayandırdı. Bu isə o deməkdir ki, Azərbaycanın irəli sürdüyü əsas şərtlərdən biri reallaşıb, digər məsələlərdə öz həllini tapdıqdan sonra sülh mətni imzalana bilər”.

Millət vəkili ŞƏT sammitindəki Azərbaycan-Ermənistan görüşünü yüksək qiymətləndirərək bildirib ki, İrəvan məhz bu görüşdə sülhə nə qədər sadiq olduğunu göstərdi:

media-ef47c3df-3caa-48dd-ac2e-4b22e91306e0

“Xüsusilə də Çində baş tutan Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş reallaşdı. Bu görüşdə də İrəvan tərəfi əldə edilmiş razılaşmalara sadiqlik nümayiş etdirdi. Çünki Vaşinqton görüşünə qədər dəfələrlə biz Ermənistan tərəfinin sülh danışıqlarından yayındığını, təxribatlara yol açdığını, öz havadarlarının təsirinə düşərək sülh proseslərindən kənarda qalmasının şahidi olmuşduq. Beləliklə Çində baş tutan görüşdən sonra biz bir daha əmin olduq ki, Ermənistan həqiqətən də sülh gündəliyinə sadiqlik nümayiş etdirir. Kənar qüvvələrin İrəvana açıq şəkildə təzyiq etməsinə baxmayaraq, Ermənistan əldə edilmiş razılıqların reallaşması üçün addımlar atmaqda maraqlıdır”.

N. Həmzəyev Zəngəzur dəhlizinə regional dövlətlərin marağını vurğulayaraq bildirir ki, Ermənistan da artıq bu proseslərdən fayda götürəcəyini anlayır və bu istiqamətdə Azərbaycanın xeyrinə düzgün addımlar atmağa başlayıb:

“Azərbaycan və Türkiyə Zəngəzur dəhlizi məsələsində əsas maraqlı tərəflər kimi çıxış edir. Əslində isə region dövlətlərin hər biri məhz dəhlizin işə düşməsindən böyük bir fayda götürəcəklər. Xüsusilə, Ermənistan Azərbaycan və Türkiyənin nəqliyyat şəbəkəsinə qoşulmaqla, həm Avropa, həm İran, həm də Rusiya istiqamətində çıxış əldə edəcək. Həmçinin Orta dəhlizin ən əsas kompenenti olan Azərbaycan ərazisinə Ermənistanın çıxış imkanları yaranacaq. Eləcə də, Çindən Ermənistana yük daşımaları mümkün olacaqdır.

Bu baxımından da artıq İrəvan əldə edilmiş razılıqların önəmini daha yaxşı dərk edir və buna görə də onlar bu şansı düzgün dəyərləndirməyə çalışır. Çünki bu günə qədər Azərbaycan dəfələrlə Ermənistana şans vermişdi. Ancaq İrəvan bu şansı düzgün dəyərləndirməmişdi. Hal-hazırda isə Ermənistan buraxdığı səhvlərdən düzgün nəticələr çıxarır və sülh gündəliyinə sadiqliyini nümayiş etdirir. Biz inanırıq ki, Ermənistan digər iki şərti də yerinə yetirəcək və tezliklə sülh anlaşması imzalanacaq. İlkin olaraq, diplomatik əlaqələr aktivləşəcək, daha sonra isə çətinliklə də olsa, xalqalar arasında qarşılıqlı etimad yaranacaq və qonşuluq münasibətləri formalaşacaqdır”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər