"Kəlbəcərə köç Böyük Qayıdışın uğurla davam etdiyini və dövlətin vətəndaşa qayğısını göstərir" - Mehriban Vəliyeva
“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində növbəti köçün Kəlbəcər şəhərinə yola salınması Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi məqsədyönlü və sistemli siyasətin bariz nümunəsidir. Bu proses artıq təkcə humanitar addım deyil, eyni zamanda dövlətin strateji inkişaf prioritetlərinin, milli iradəsinin və uzunmüddətli planlamasının konkret nəticəsi kimi çıxış edir”.
Bu fikirləri Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva səsləndirib.
Deputat bildirib ki, Kəlbəcərin strateji və təbii resurs potensialına əsaslanaraq Böyük Qayıdış proqramı çərçivəsində yenidən qurulması və əhalinin təhlükəsiz qayıdışı dövlətin kompleks inkişaf siyasətini əks etdirir:
“Kəlbəcər xüsusi coğrafi mövqeyi, zəngin təbii resursları və strateji əhəmiyyəti ilə seçilən bölgələrdəndir. Məhz belə bir əraziyə həyatın qayıdışı dövlətin qarşıya qoyduğu məqsədlərin ardıcıl və düşünülmüş şəkildə icra olunduğunu göstərir. Uzun illər işğal altında qalmış, infrastrukturu tamamilə dağıdılmış bir bölgənin qısa müddətdə yenidən qurulması və insanların doğma yurdlarına təhlükəsiz şəkildə qayıdışının təmin edilməsi güclü dövlət idarəçiliyinin göstəricisidir. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən köç prosesi yalnız fiziki məskunlaşma ilə məhdudlaşmır. Bu, eyni zamanda sosial rifahın təmin olunması, dayanıqlı iqtisadi fəaliyyətin qurulması, müasir infrastrukturun yaradılması və bölgələrin kompleks inkişafını nəzərdə tutan genişmiqyaslı dövlət siyasətidir. Yeni salınan yaşayış kompleksləri, yollar, enerji təminatı, təhsil və səhiyyə müəssisələri onu göstərir ki, dövlət yalnız torpaqları azad etməklə kifayətlənmir, həm də bu əraziləri yüksək həyat standartlarına uyğun şəkildə yenidən qurur”.

M.Vəliyeva qeyd edir ki, İlham Əliyev və Mehriban Əliyevanin azad edilmiş ərazilərə səfərləri və layihələrə birbaşa diqqəti Böyük Qayıdışın uğurlu və sosial yönümlü şəkildə həyata keçirilməsini təmin edən əsas amillərdir:
“Bu prosesdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi rolu və diqqəti açıq şəkildə hiss olunur. Onun azad edilmiş ərazilərə mütəmadi səfərləri, görülən işlərlə yerində tanış olması, konkret tapşırıqlar verməsi və layihələrin icrasına birbaşa nəzarəti Böyük Qayıdış proqramının uğurla reallaşdırılmasını təmin edən əsas amillərdəndir. Cənab Prezidentin hər bir səfəri həm siyasi iradənin nümayişi, həm də vətəndaşlara verilən güvənin və diqqətin təzahürü kimi qiymətləndirilir. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərə səfərləri də bu prosesin humanitar və sosial yönünün gücləndirilməsində mühüm rol oynayır. Onun bölgələrdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olması, sosial infrastruktur layihələrinə göstərdiyi xüsusi diqqət və həssas yanaşma Böyük Qayıdışın yalnız iqtisadi deyil, həm də sosial rifah və insan amili üzərində qurulduğunu bir daha təsdiqləyir. Bu səfərlər dövlətin vətəndaşa qayğı siyasətinin vahid və koordinasiyalı şəkildə həyata keçirildiyini göstərir”.
Depuatatın sözlərinə görə, Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcər və digər azad edilmiş ərazilərə mərhələli köçün aparılması ölkənin vahid bərpa siyasəti, iqtisadi gücü və vətəndaşlara yönəlmiş davamlı qayğının göstəricisidir:
“Bununla yanaşı, Böyük Qayıdış proqramı təkcə Kəlbəcəri əhatə etmir. Artıq işğaldan azad olunmuş digər ərazilərə – Zəngilan, Füzuli, Laçın, Şuşa və digər bölgələrə də mərhələli şəkildə köç prosesi həyata keçirilir. Bu isə onu göstərir ki, dövlət bütün azad edilmiş torpaqlarda paralel şəkildə bərpa və məskunlaşma siyasətini həyata keçirir, vahid inkişaf modelini ardıcıl olaraq tətbiq edir. Eyni zamanda bu səfərlər və görülən işlər beynəlxalq ictimaiyyətə də mühüm mesaj verir: Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərini öz gücü ilə, yüksək səviyyədə və sürətlə həyata keçirir. Bu isə ölkənin iqtisadi gücünün, siyasi sabitliyinin və idarəetmə effektivliyinin göstəricisidir. Kəlbəcərə növbəti köçün həyata keçirilməsi həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Bu, illərlə həsrətində olduğumuz torpaqlara qayıdışın real ifadəsidir, məcburi köçkün həyatının mərhələli şəkildə başa çatdığını göstərən mühüm addımdır. İnsanların doğma yurdlarına qayıdaraq orada yeni həyat qurması milli birliyin və tarixi ədalətin bərpasının canlı təcəssümüdür. Ümumilikdə, Kəlbəcərə həyata keçirilən bu köç Böyük Qayıdış proqramının uğurla davam etdiyini, dövlətin öz vətəndaşına olan diqqət və qayğısının ardıcıl xarakter daşıdığını, həmçinin Azərbaycanın azad edilmiş bütün ərazilərdə dayanıqlı və inklüziv inkişaf modelini formalaşdırmaqda qətiyyətli olduğunu bir daha nümayiş etdirir”.
Cəmilə Cəfərzadə






