media-inshot_20260506_150124791

Pedaqoji ixtisasların kolleclərdən çıxarılması təhsil sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu dəyişiklikdən sonra kolleclərin hansı sahələr üzrə fəaliyyət göstərəcəyi və əmək bazarına necə uyğunlaşdırılacağı məsələsi daha da aktuallaşır.

Kolleclər bundan sonra hansı istiqamətlər üzrə yenidən formalaşdırılmalıdır?

Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az-a açıqlamasında bildirib ki, pedaqoji ixtisasların kolleclərdən çıxarılması müəllim hazırlığında keyfiyyətin artırılmasına xidmət etsə də, bu dəyişiklik kolleclərin peşə və texniki təhsil istiqamətində yenidən formalaşdırılmasını zəruri edir:

“Pedaqoji ixtisasların kolleclərdən çıxarılması qərarı müəllim hazırlığında keyfiyyətin yüksəldilməsi baxımından məntiqli addım kimi qiymətləndirilə bilər. Çünki müəllimlik peşəsi yalnız fənn biliyi deyil, eyni zamanda dərin pedaqoji düşüncə, tədqiqat bacarığı, psixoloji hazırlıq və müasir tədris texnologiyalarına yiyələnmə tələb edir. Bu isə daha çox ali təhsil mühitində sistemli və elmi əsaslarla formalaşdırıla bilir.

Lakin bu dəyişiklik kolleclərin rolunu zəiflətmək deyil, əksinə, onların funksional baxımdan yenidən mövqeləndirilməsini zəruri edir. Yeni şəraitdə kolleclər aşağıdakı istiqamətlər üzrə inkişaf etdirilə bilər:

İlk növbədə, kolleclər peşə və texniki təhsil mərkəzləri kimi gücləndirilməlidir. Əmək bazarının real tələblərinə uyğun olaraq xidmət sektoru, texnologiya, sənaye, kənd təsərrüfatı və digər praktik sahələr üzrə orta ixtisaslı kadr hazırlığı onların əsas prioritetinə çevrilə bilər. Bu, həm məşğulluğun artırılmasına, həm də iqtisadiyyatın dayanıqlı inkişafına xidmət edər”.

media-inshot_20260506_150001357

P. Qedimova qeyd edir ki, kolleclər gələcəkdə daha çox təhsildə dəstəkçi kadrların hazırlanması və çevik, praktik bacarıqlara əsaslanan qısamüddətli təlim mərkəzləri kimi fəaliyyət göstərə bilər:

“Digər tərəfdən, kolleclər təhsildə köməkçi və dəstəkçi kadrların hazırlanmasında mühüm rol oynaya bilər. Məsələn, müəllim köməkçiləri, inklüziv təhsil üzrə assistentlər, sosial-pedaqoji dəstək mütəxəssisləri kimi sahələrdə ixtisaslaşma həyata keçirilə bilər. Bu yanaşma məktəblərdə müəllimin yükünü azaldaraq tədrisin keyfiyyətinə dolayı müsbət təsir göstərər.

Bununla yanaşı, kolleclər qısamüddətli sertifikat proqramları və mikrokvalifikasiyalar təqdim edən çevik təlim mərkəzlərinə çevrilə bilər. Xüsusilə rəqəmsal bacarıqlar, erkən uşaqlıq inkişafı, xüsusi təhsil ehtiyacları olan uşaqlarla iş, STEAM yönümlü praktiki bacarıqlar kimi sahələrdə modul əsaslı təlimlər təşkil oluna bilər. Bu, həm gənclərin, həm də artıq əmək bazarında olan şəxslərin yenidən ixtisaslaşmasına imkan yaradar”.

Ekspertin sözlərinə görə, kolleclər regionlarda bacarıq və təlim mərkəzləri kimi formalaşaraq əmək bazarına uyğun, praktik yönümlü kadr hazırlığında əsas rol oynaya bilər:

“Eyni zamanda kolleclərin regionlarda “təhsil və bacarıq mərkəzləri” funksiyasını yerinə yetirməsi də vacibdir. Onlar yerli icmalarla əməkdaşlıq edərək qeyri-formal təhsil proqramları, valideyn maarifləndirilməsi, erkən inkişaf proqramları və sosial layihələr həyata keçirə bilərlər.

Beləliklə, pedaqoji ixtisasların kolleclərdən çıxarılması yalnız bir ixtisasın yerinin dəyişməsi deyil, bütövlükdə orta ixtisas təhsilinin yeni missiya ilə yenidən qurulması üçün imkan yaradır. Doğru strategiya ilə kolleclər əmək bazarına daha uyğun, çevik və praktik yönümlü kadr hazırlığının əsas platformasına çevrilə bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər