Kompüterdən bu cür istifadə sağlamlığınıza təhlükə yarada bilər - ARAŞDIRMA
Bir çoxumuz iş qrafikinin sıxlığı və ya film izləmək həvəsi səbəbilə yeməyimizi kompüter qarşısında, klaviatura üzərində yeyirik. Lakin bu vərdiş göründüyündən daha təhlükəli ola bilər. Çünki gözlə görünməyən “mikro-dünya” hər gün toxunduğumuz düymələrin arasında gizlənir.
Patrul.az-ın araşdırmalarına görə, aparılan mikrobioloji tədqiqatlar və rəqəmsal təhlükəsizlik ekspertlərinin rəyləri klaviaturaların əslində bir “bakteriya yuvası” olduğunu təsdiqləyir.
Aparılan testlər göstərir ki, orta statistik ofis klaviaturasında hər kvadrat santimetrə düşən bakteriya sayı tualet oturacağı ilə müqayisədə 200 dəfə daha çoxdur. Bunun əsas səbəbi isə tualetlərin müntəzəm dezinfeksiya olunması, klaviaturaların isə aylarla təmizlənməməsidir.
Düymələrin arasına düşən çörək və digər qida qırıntıları bakteriyalar üçün ideal qida mühiti yaradır. Bu şəraitdə sürətlə çoxalan mikroblar dəri xəstəliklərinə və həzm sistemi problemlərinə səbəb ola bilər.
Bundan əlavə, insan hər saat minlərlə ölü dəri hüceyrəsi tökür. Klaviatura üzərində qalan yağlı barmaq izləri ilə birləşən bu hüceyrələr yapışqan təbəqə yaradır və bu da tozun və kirin orada qalmasını asanlaşdırır.
Bəzi araşdırmalarda isə klaviaturalarda mədə-bağırsaq və infeksion xəstəliklərə səbəb ola biləcək zərərli mikroorqanizmlərin izlərinə rast gəlinib.
Bu mikroblardan qorunmaq üçün aşağıdakı qaydalara əməl etmək tövsiyə olunur:
– Kompüterdən istifadə etməzdən əvvəl və sonra əllərinizi mütləq yuyun;
– Həftədə ən azı bir dəfə klaviaturanı çevirərək silkələyin və xüsusi spirtli salfetlərlə düymələri təmizləyin;
– Qida qəbulunu kompüter masasından uzaqda etmək həm sağlamlığınız, həm də texniki avadanlığınızın uzunömürlü olması baxımından daha düzgün seçimdir.
Cəmilə Cəfərzadə






