media-photo-output

Bu gün Azərbaycanda “Son zəng” günüdür.

Patrul.az xəbər verir ki, bu il ölkə üzrə 116 550 şagird 11-ci sinfi bitirir. Onlardan 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri oğlandır.

Cari ildə işğaldan azad edilmiş ərazilərdə yerləşən 25 ümumi təhsil müəssisəsində, o cümlədən 11 məktəbdə ilk dəfə “Son zəng” tədbiri keçiriləcək. Həmin məktəblərdə 171 məzun məktəblə vidalaşacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təlimatına əsasən, “Son zəng” tədbirləri məktəblərin həyətyanı sahələrində, bu imkan olmadıqda isə idman və ya akt zallarında təşkil olunur. Tədbirlər səhər saatlarında başlayaraq ən geci iki saat ərzində yekunlaşmalıdır.

Təlimata görə, şagirdlər tədbirdə məktəbli formasında iştirak etməli, proqram milli-mənəvi dəyərlərə uyğun hazırlanmalı, açılış Dövlət Himni ilə başlamalı və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilməlidir.

Patrul.az bütün məzunları “Son zəng” münasibətilə ürəkdən təbrik edir. Hər birinizə gələcək həyatınızda uğurlar, sağlamlıq, xoşbəxtlik və qarşıya qoyduğunuz məqsədlərə çatmağı arzulayırıq. Məktəb illərinin ən gözəl xatirələrini özünüzlə daşıyaraq yeni həyat mərhələsində inamla addımlamağınızı diləyirik. Yolunuz açıq, gələcəyiniz parlaq olsun!


Bənzər xəbərlər